İlk Avropa Oyunları ərəfəsində paytaxtda hələ keçmiş SSRİ vaxtından məşhur olan “İnturist” adlı otelin açılışı olub. Yeni bulvara mənzərəsi açılan və əvvəllər zavodların yerləşdiyi ərazidə yerləşən bu otelin məhz “İnturist” adını yaşatmasının xüsusi əhəmiyyətini vurğulayıb. Ölkə başçısı deyib ki, Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər. Dövlət başçısına otel barədə ətraflı məlumat verilib. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu, nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur olan keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərzində Bakının ən sevilən məkanlarından olub.
Beşmərtəbəli otel binasında 150 standart və suit nömrə var. Otaqların eyvanlarından Xəzər dənizinə və bulvara mənzərə açılır.
Turizm infrastrukturunda bu otelin xüsusi çəkisinin olacağı proqnozlaşdırılır. Həmçinin otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi ölkəyə gələcək turistlərin yerləşdirilməsi, rahatlığı baxımından əhəmiyyətlidi.
Prezident İlham Əliyev kollektiv qarşısında çıxışında köhnə “İnturistin” əvəzinə yenisinin tikilməsini əlamətdar gün adlandırıb:
“Vaxtı ilə Azərbaycanda, Bakıda “İnturist” mehmanxanası olub. 80 il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib. Ancaq “İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayırdı. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək”.
Dövlət başçısı yaxın vaxtlarda “Ağ şəhər” bulvarının insanların istifadəsinə veriləcəyini, həmçinin “Bulvar” otelinin də açılacağını söyləyib:
“Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Və bu proses davam etdirilir. Bax, bu otellə üzbəüz yerlər vaxtı ilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi”.
“İnturist” otelin bütün otaqları artıq sifariş edilib.
Mənbə: ANS PRESS