Qadin.NET / Bu yay qarpız qıt ola bilər

Bu yay qarpız qıt ola bilər

 

 

Güclü yağış Qərb bölgəsində fəsadlar yaradıb .
ANS TV-nin məlumatına görə, Samuxda Kür çayının sol sahilində yerləşən ümumilikdə 8 yaşayış məntəqəsində Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poyluda daşqınlar olub. Daşqınlar nəticəsində Qırmızı Samux və Poylu qəsəbələri ilə gediş-gəliş kəsilib. Bəzi işıq dirəkləri qəzalı vəziyyətə düşüb. Kəndlərin ərazisində əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib. Bu bölgədə yaşayan əhali xüsusi ilə qarpız əkini ilə məşğul olur. Sel suları qarpız şitillərini demək olar ki, tamamilə məhv edib. 
Dağlardan axıb gələn sel Şəmkirin də bir neçə kəndində ciddi fəsadlar yaradıb. Şəmkirin Seyfəli kəndində evləri və həyətyanı sahələri su basıb. Kənd yolları yararsız hala düşüb. Xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub.
Zərərçəkən Zeynəb Məmmədova deyir ki, qonşuların evlərinə çoxlu ziyan dəyib, və zirzəmilər su ilə dolub.
Güclü yağış nəticəsində Qərb bölgəsində yaranan fəsadlar aradan qaldırılır. Gecə saatlarından başlayaraq Fövqəladə Hallar Komissiyasının əməkdaşları hər iki rayonda yaranmış problemlərin həll olunması istiqamətində bütün qüvvə və bacarıqlarını səfərbər ediblər. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

 

Mənbə: ANS PRESS

4 may 2015
GO BACK