“Mən bizim erməni opponentlərimizdən fərqli olaraq əminəm ki, biz daim düşmənçilik edə bilmərik. Biz eyni dövlətdə uzun illər yaşamışıq, bir yerdə faşizmlə mübarizə aparmışıq. Ona görə hesab edirəm ki, Ermənistan rəhbərliyi də bu qənaətə gələcək ki, düşmənçiliyə və işğala son qoymaq lazımdır. Gizlətmək istəmirəm ki, erməni xalqının faşizmdən əziyyət çəkməsinə və erməni xalqının nümayəndələrinin Böyük Vətən Müharibəsi cəbhələrində faşizmə qarşı vuruşmasına baxmayaraq bu gün Ermənistanda bizim anlamaqda çətinlik çəkdiyimiz tendensiyalar baş verir. Faşistlərin, Hitlerə xidmət etmiş adamların qəhrəmanlaşdırılması baş verir. Əgər Azərbaycan və Ermənistandan olan müharibə iştirakçılarının görüşmək imkanı olsaydı onlar dostluq masası arxasında oturub birgə tarixin şanlı səhifələrini xatırlayardılar. Amma təəssüf ki, Ermənistan tərəfi ictimaiyyət arasında görüşlərə hər cür mane olur. Bir neçə il əvvəl ictimaiyyət nümayəndələrinin, deputatların görüşlərinin keçirilməsi təşəbbüsü var idi, biz hətta bu formatı genişləndirmək istəyirdik. Amma Ermənistanda bunun yaxınlaşma və dostluq hisslərinə apardığını görən kimi qarşısını aldılar”.
Mənbə: ANS PRESS