Xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssamın ailə üzvü Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda S.Bəhlulzadənin daha bir portreti aşkarlanıb.
Rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur. Səttar Bəhlulzadənin ev-muzeyindən AzərTAc-a bildirilib ki, 1979-cu ildə yaradılmış "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" adlı rəsm əsəri (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır. Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir.
Aşkar edilən rəsm əsəri Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Belə ki, əvvəllər məlum olan "Səttar Bəhlulzadə" portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib. Mavi tonlarda işlənmiş "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" fərqli tərzdə icra olunub.
Qeyd edək ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb.
Mənbə:ANS PRESS