Qadin.NET / Turist Azərbaycana 2 min dollar xərcləyəcək

Turist Azərbaycana 2 min dollar xərcləyəcək

 

 

"I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir".

Trend-in məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.
V.Bayramovun sözlərinə görə, cari gəlirlər ondan ibarətdir ki, I Avropa Oyunları keçirilən ərəfədə Azərbaycana gələn turistlər və turistlərin xidmət sektoruna daxil olmaqla xərcləmələri Azərbaycan iqtisadiyyatına sərmayə deməkdir: "Nəzərə alsaq ki, hər bir turist Azərbaycanda olduğu bir həftə ərzində min dollar vəsait xərcləyir, bu, o deməkdir ki, Azərbaycana gələn hər bir turist I Avropa Oyunları keçiriləcəyi müddətdə Azərbaycan iqtisadiyyatına ən azı 2 min dollar töhfə verəcək".
Ekspertin fikrincə, I Avropa Oyunları, eyni zamanda manata tələbin artmasına imkan verəcək, çünki ölkəyə gələn turistlər öz pullarını manata dəyişəcək və manat xərcləyəcəklər: "Bu da imkan verəcək ki, həmin müddətdə Mərkəzi Bank intervesiya xərclərini azaltsın. Bu manatın stabilliyi və manata olan tələbin artması baxımından olduqca vacibdir. I Avropa Oyunlarına xərcləmələrin 78 faizi infrastruktur xərcləridir. Bu o deməkdir ki, I Avropa Oyunları çərçivəsində yaradılan infrastruktur sonra da istifadə olunacaq. Bu infrastruktur Bakıda qalacaq. I Avropa Oyunlarından sonra Azərbaycanda bir neçə beynəlxalq yarışlar keçiriləcək. Həmin yarışlar zamanı Azərbaycan bu gün qurulan infrastrukturlardan istifadə etməklə gəlir əldə etmək imkanına malik olacaq".
Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanın böyük təqdimatıdır: "Ölkəyə gələn hər bir turist başqa bir turistin gəlməsi üçün potensial bir baza yaradır. Bu o deməkdir ki, I Avropa Oyunları zamanı Azərbaycanın təqdimatı növbəti mərhələdə də ölkəmizə daha çox turistin gəlməsinə, turizm sektoruna daha çox sərmayənin yönəldilməsinə imkan verəcək. Cari və strateji gəlirləri nəzərə alsaq, I Avropa Oyunlarından əldə edəcəyimiz gəlirlər bu Oyunların keçirilməsinə xərcləmələrdən dəfələrlə çoxdur. Bu onu göstərir ki, I Avropa Oyunları yalnız geosiyasi və strateji layihə deyil, eyni zamanda iqtisadi baxımdan Azərbaycan üçün çox rentabelli layihədir".

Mənbə:Milli.Az

1 may 2015
GO BACK