Qadin.NET / Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması

Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması

 

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri sabiq köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru Devid Merkel Bakıda keçiriləcək I Avropa Oyunlarının boykot edilməsini dəstəkləyən ABŞ-ın ünvanına səslənən ittihamları şərh edib.
Milli.Az xəbər verir ki, D.Merkel Virtualaz.org-a açıqlamasında bu haqda ətraflı məlumata malik olmadığını bildirib: “Mən bu informasiyalar barədə heç nə bilmirəm. Əgər deyilənlər həqiqət olsaydı, buna çox təəccüblənərdim. Prezident Barak Obama və ABŞ Dövlət Departamenti boykotda heç bir halda maraqlı deyillər. Məncə, I Avropa Oyunları uğurlu alınacaq. İdmançılar, onların ailə üzvləri və azarkeşlər Bakıya gələcək və bu şəhər onlarda böyük təəssüratlar oyadacaq. Avropada, dünyanın hər yerində insanlar bu oyunları izləyəcək və Azərbaycanı görüb tanıyacaqlar. Hesab edirəm ki, bundan sonra Azərbaycana böyük turist axını olacaq. Turizm sahəsindən gələn gəlirlər artacaq.
Bu oyunlar Avropa Oyunlarıdır, Amerika Oyunları yox. Buna baxmayaraq əminəm ki, bu oyunları ABŞ-da da böyük maraqla izləyəcəklər. Azərbaycana gələn hər kəs burada böyük qonaqpərvərlik və isti münasibət görəcək. Ona görə də hesab edirəm ki, ABŞ administrasiyası tərəfindən hansısa boykot kampaniyasının aparılması barədə səslənən iddiaların hər hansı əsası yoxdur. Əminəm ki, bu tədbir kifayət qədər uğurlu alınacaq. Bu yarışa baxmağa gələnlər Bakıda maksimum zövq alacaqlar. Amerikalı idmançılar bu yarışlara qatılmasa da, bu üzdən mənim ABŞ komandasını dəstəkləmək imkanım olmasa da sadə bir müşahidəçi və tamaşaçı kimi həmin idman yarışlarını televiziya ilə izləyəcəyəm”.
D.Merkel Azərbaycan ictimaiyyətinin ABŞ hakimiyyətinin daimi tənqidlərindən məyusluğu barədəki suala da cavab verib. Diplomat deyib ki, onun fikrincə, bu məyusluq əsasən Qarabağ məsələsi ilə bağlıdır: “Məncə, Azərbaycan rəhbərliyi ABŞ-ın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində çoxdan bəri aparıcı rol oynamamasına görə məyus və narazıdır. Azərbaycanın coğrafi baxımdan xüsusi əhəmiyyət daşıması faktını qəbul və etiraf etmək lazımdır. Azərbaycan qlobal enerji qaynaqlarının diversifikasiyasında böyük rol oynayır. Azərbaycan terrorla mübarizədə də sadiq müttəfiqdir. Ona görə də Azərbaycan daim tənqidlərlə üz-üzə qalanda bu, dərin məyusluq doğurur. Bu tənqidlər isə adətən qaldırılan məsələlərin mahiyyətini tam anlamayan, ya da ABŞ-dakı erməni diasporunun təsiri altında olan şəxslərin dilindən səslənir. Məyusluq buradan doğur. Münasibətlərdəki etimadı bərpa etməyə çalışmaq lazımdır. Vaşinqtona göstərmək lazımdır ki, Azərbaycan ABŞ-ın narahatlığını ciddi qəbul edir. Bakıya göstərmək lazımdır ki, ABŞ Azərbaycanda qaldırılan məsələlərə ciddi yanaşır. Bizim daha çox irəliləyiş əldə edə biləcəyimiz əlaqələri genişləndirməyə çalışmaq lazımdır”.
D.Merkelin fikrincə, Azərbaycan ABŞ-la hər iki istiqamətdə inkişaf edəcək etibarlı ikitərəfli münasibətlərə malik olmaq istəyir. Söhbət ikitərəfli münasibətlərin ABŞ üçün prioritet, Azərbaycan üçün əhəmiyyətli olan, üstəlik regional sabitlik və təhlükəsizlik baxımından vacib sayılan aspektlərindən gedir.
Bununla belə D.Merkel demokratiya mövzusunun ABŞ-ın Azərbaycana münasibətdə özünəməxsus məhək daşı rolu oynaması barədəki mülahizələrlə razı deyil: “Məncə, ABŞ Azərbaycanla münasibətləri daha da sıxlaşdırmağa və möhkəmləndirməyə yönəlik səylər göstərir. Vaşinqtonda bu cür möhkəm münasibətlərin əhəmiyyətini dərindən və yaxşı başa düşür, Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparırlar. Ən vacibi odur ki, biz bir çox aspektlər üzrə əməkdaşlıq edirik və ABŞ Azərbaycanın həm bunkü, həm də sabahkı əhəmiyyətini anlayır. İranla bağlı problemlər, Yaxın Şərqdə sülh problemi, qlobal enerji qaynaqlarının şaxələndirilməsi, terrorla müharibə, İslamın müasir cəmiyyətlərdəki rolu... - bütün bunlar çox ciddi məsələlərdir. Əgər ABŞ-la Azərbaycan bu məsələlərin həllində sıx əməkdaşlıq etsələr, bunun hər iki ölkəyə böyük faydası dəyəcək”.
Qeyd edək ki, Devid Merkel bu gün ABŞ Atlantik Şurasının ekspertidir. Qeyri-hökumət təşkilatı olan bu şuranın əsas məqsədi “ABŞ-ın beynəlxalq aləmdəki konstruktiv liderliyini inkişaf etdirmək və gücəndirməkdir”. ABŞ Atlantik Şurasının sponsorları isə xeyriyyə fondları. NATO, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon da daxil olmaqla bir sıra federal idarələr və aparıcı korporasiyalardır. NATO üzvü olan ölkələrin Atlantik şuraları Atlantika Müqaviləsi Assosiasiyasında birləşirlər.

Mənbə: Milli.Az

30 aprel 2015
GO BACK