Qadin.NET / Birinci Avropa Oyunlarının məşəli Lənkəranda

Birinci Avropa Oyunlarının məşəli Lənkəranda

 

 

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 29-da Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirilib.Milli.Az Trend-ə istinadən məlumət verir ki, Lənkəran şəhərinin Bayraq Meydanında ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Alov festivalının rəmzi qapısında yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə məşəli qəbul etdi.
Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirdi. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev parkına çatdırdılar.
Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırdı.
M.Tağıyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birlikdə səhnədəki məşəli alovlandırdı.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün münasibətilə lənkəranları təbrik edərək bildirdi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların göstəricisidir.
Mərasimdə “Nənələr” folklor kollektivinin, müğənni Cavad Rəcəbovun, rayon musiqi məktəbinin xor kollektivinin çıxışları parka toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Festivalda aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.Alov şousu festival iştirakçılarına xoş ovqat bəxş etdi.

Mənbə: Milli.Az

30 aprel 2015
GO BACK