”Setka çəkmək üçün quyu qazdıq. Gördüm ki, yerdən neft iyi vurdu. İylədim, gördüm ki, neft iyidir. Ondan sonra ərazi icra nümayəndəliyinə xəbər verdim”.Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Sabirabadın Çığırğan kəndində yaşayan Yaqub Bəşirov yaşadığı evin həyətində çəpər çəkərkən dirəkləri basdırmaq üçün bir neçə quyu qazıb. Onun qazdığı quyulardan birindən mazut qoxusu yayılmağa başlayıb. Quyudan gələn qoxunun daha da kəskinləşməsi ev sahibinın, o cümlədən kənd sakinlərinin də marağına səbəb olub. Onlar mazut qoxulu lil palçığın tərkibində neft olduğuna inanırlar:
”Əsl neftlə su qarışığının iyi gəlir. Açıq-aydin görürsən ki, burada neft var. Burada qaz da var”, - kənd sakini Bəylər Bəşirov deyib.
Kənd sakinləri bildirirlər ki, bir neçə il bundan öncə xarici şirkət nümayəndələri yaşadıqları kəndin ərazisində neftin olub-olmamasi ilə bağlı yoxlamalar aparıblar. Yaxın gələcəkdə bu ərazilərdən neft çıxma ehtimalının olması barədə məlumatlar veriblər. İndi sakinlər həmin ehtimalların həqiqətə uyğun olduğuna inanmağa başlayıblar. Sabirabad Rayon İcra Hakimiyyətindən isə həmin əraziyə mütəxəssislərin baxış keçirəcəyini deyiblər.
Mənbə: Milli.Az