Qadin.NET / Bir oğula qurban verilən qız övladlar

Bir oğula qurban verilən qız övladlar

Son illərdə doğulan uşaqlar arasında oğlanların sayı daha çoxdur. Ekspertlər, belə davam edərsə, ciddi demoqrafik problemlərin yaranacağından ehtiyat edirlər.
Milli.Az BBC-yə istinadən bildirir ki, əhali arasında isə qız uşaqlarına qarşı sterotiplər səngimək bilmir.
Rəsmi məlumatlara görə, ölkə əhalisi arasında qadınların kişilərə nisbəti cüzi fərqlə azdır.
Amma müstəqil təhlilçilərə görə, son 15-20 ildə yeni doğulanlar arasında oğlan uşaqlarının sayının çox olması kimi davamlı bir tendensiya müşahidə edilir. 
İstənməyən Sərçə
“Kəndimizə toya gəlmişdi. Ürəyimə yatdı, tanış olduq. 7-8 ay danışdıq. Sonra qoşulub qaçdım ona. Mehriban yaşayırdıq.Heç bir problem yox idi aramızda. Ta ki, mən hamilə qalana qədər. ... Yoldaşım qız uşağı istəmirdi. Uşaq dünyaya gəldi, qız idi. Yoldaşımdan çox qorxurdum deyə onu aldatdım, oğlandır dedim. ...yalan dediyim üçün çox əsəbiləşdi. Sonra dedi, uşağı ya öldürəcəm, ya da uşaq evinə aparmalısan. Mən də dedim ki, uşaq evinə aparıram. Bu ona dediyim ikinci yalan idi, qızımı da götürüb evdən birdəfəlik çıxdım”.
Bu hekayəni danışan zəif vücuda malik 20 yaşlarında bir xanımdır. Müsahibə boyunca körpəsini qucağından yerə qoymayan bu xanım, qızına çox bağlıdır. Paytaxtda yerləşən sığınacaqlardan birində yaşayır. Qızına isə sığınacaqda Sərçə adını veriblər. Sərçə çox sakitdir və burada hamının sevimlisidir.
Şərti adı Nərminə olan qəhrəmanımız hekayəsinə davam edir. “Yoldaşım qız uşağına pis baxırdı. Onları bədniyyət hesab edirdi. Mən də qızımı o evdə saxlaya bilməzdim. Özüm anasız böyümüşəm. Qızımın da eyni cür yaşamağına razı ola bilməzdim. Elə ailələr var ki, illərlə övlad arzusunda olur. Amma Allah mənə övlad verib, onu necə atım”, Nərminə deyir.
Başına gələn bu hadisəyə baxmayaraq, atası evinə də qəbul edilməyən Nərminə son çarəni sığınacağa gəlməkdə tapıb. İndi o, bir otaq arzusundadı. İstəyir ki, evi olsun və o öz qızını sağlam mühitdə böyütsün.
Azalan qız uşaqları
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Respublikasının əhalisinin sayı 2014-cü ilin yanvarın 1-nə 9 milyon 477 min nəfər olub. Əhalinin ümumi sayından 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.
Bu böyük fərq deyil, lakin son 15-20 ildə yeni doğulanlar arasında oğlan uşaqlarının sayının çox olması kimi davamlı bir tendensiya müşahidə edilir, iqtisadçı ekspert Azər Mehdiyev deyir.
Onun apardığı araşdırmaya əsasən, 20-ci əsrin 70-ci illərindən üzü bəri Azərbaycan əhalisinin cinsi tərkibində qadınların sayı kişilərdən çox olub.
Bu tendensiya dölün cinsinin yoxlanması imkanlarının yaranması ilə ortaya çıxıb. Əhalinin ümumi sayında qadınların say üstünlüyü davam etsə də, 25 yaşdan aşağı əhali arasında kişi cinsinin say üstünlüyü nəzərəçarpandır.
“Məlumdur ki, Azərbaycanda ailələr oğul uşaqlarına üstünlük verirlər. Bunun bir çox səbəbi var. Əksər patriarxal cəmiyyətlərdə oğlan uşağı soyadın daşıyıcısıdır, yaşlı valideynlərin qayğısına qalandır, ailəyə maddi dəstək gətirəndir. Belə inanc var ki, qızlar bu vəzifələrin öhdəsindən gələ bilməzlər. Təbii ki bu bir sterotipdir”, bu sözləri BMT-nin Əhali Fondunun Gender Məsələləri üzrə Proqram müşaviri Bahicə Əliyeva deyir.
Onun sözlərinə görə, son illərdə cinsi selektiv abortlarla bağlı halların artıb. Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır.
Amma 90-cı illərin əvvəllərindən başlayaraq bu balans ciddi şəkildə pozulub. Hətta son illərdə bu nisbət 100-ün 116 ya, oğlan uşaqlarının xeyirinə nəticələnib.
Cinsi selektiv abortlar
Bahicə Əliyeva deyir ki, qurum Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi ilə birgə tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə ailələrin cinsi selektiv abortlara müraciət etməsinin əsas səbəblərindən biri iqtisadi çətinliklərdir.
“Oğul uşaqlarına verilən üstünlük həmişə olub, amma əvvəllər bir oğul dünyaya gəlsin deyə 2-3-cü uşaqlar doğulurdu. İndi ailələr bu qədər uşağı saxlaya bilmir. Buna görə evdə uşaqların sayı azaldıqca oğul övladına verilən üstünlüklə əlaqədar ailələr yeni texnologiyalardan istifadə edərək qız uşaqlarına qarşı cinsi selektiv abortlar etməyə başladılar”. 
Ana bətnindəki dölün cinsiyyəti yalnız 16-cı həftədə məlum olur. Qanuna görə 12-ci həftəyə qədər ana abort etmək istəsə, heç bir sorğu-sualsız bu istəyi təmin olunur.
Ancaq 12-ci həftədən sonra abort üçün tibbi və sosial göstəricilər olmalıdır. Sosial göstəricilər siyahı şəklində Səhiyyə Nazirıliyi tərəfindən hazırlanıb. Siyahıya əsasən, əgər ailənin evi yoxdursa, məcburi köçkün qrupuna aiddirsə döl abort etdirilə bilər.
Bahicə Əliyeva deyir ki, abort etdirmək qadının ən əsas hüquqlarından biridir və bu hüququ heç kəs ondan almamalıdır. Amma bu hüququn sui-istifadəsi yolverilməzdir. 
“Bu siyahıdan sonra müraciət edənlərə sual verilmir ki, niyə məhz 16 həftə gözlədikdən sonra abort etdirmək istəyirsən. Əgər yeni auşaq dünyaya gətirməyə maddi imkanın yoxdursa, bunu elə ilk həftələrdə də etmək olar. Bu halların qarşısını almaq üçün bu siyahı yenidən işlənəcək və biz dəyişiklikləri gözləyirik".
Bahicə Əliyeva deyir ki, cəmiyyətdə qız uşaqlarına olan münasibəti dəyişməyin həll yolu qadın hüquqlarının müdafiəsini daha yüksək səviyyəyə qaldırmaqdır. “Problem insanların beyninədir, onlar hələ də qadınların da kişilərlə bərabər hüquqlu olduğu faktını qəbul etmək istəmirlər”.
Regional problem
Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl 2010-cu ildə doöğum nisbəti 100-ün 177-yə oğlan uşaqlarının xeyrinə olduğunu deyir və bu rəqəmin çox böyük olduğunu bildirir.
 Onun sözlərinə görə, 105-ə qədər nisbət qəbulolunandır, əgər nisbət 105-dən çoxdursa bu süni müdaxilənin dəlili deməkdir.
“...Güman var ki, son beş ildə rəqəmlər artıb. Ötən ilin məlumatına görə, əhali arasında qadınların nisbəti böyük şkala ilə düşüb. Hazırda uşaqların 56 faizi oğlan, 44 faizi isə qızdır. Amma əvvəllər oğlanlar 48-49 faiz olub. Bu, rəqəmlərin qızların ziyanına dəyişdiyini göstərir”, Şəhla İsmayıl deyir.
Amerika Əhali Assosiasiyası üçün hazırlanmış "Qafqazda doğum nisbəti. Davamlı fenomen?" adlı araşdırmaya əsasən, cinsi selektiv abortlar təkcə Azərbaycanda deyil qonşu ölkələr Gürcüstan və Ermənistanda da geniş yayılıb. 1990-cı illərin ortalarından başlayaraq Qafqazın 3 ölkəsində də doğulan uşaqların cins nisbəti oğlanların xeyirinə surətlə dəyişməyə başlayıb.
Belə kəskin artıma yalnız Çin və Hindistan kimi böyük ölkələrin təcrübəsində rast gəlinmişdi. 1995-ci ildə hər doğulan 100 qız uşağına Azərbaycanda uşağına 115 oğlan, Gürcüstanda 118, Ermənistanda 120 oğlan doğulurdu. 2000-ci illərdə isə bu rəqəm Azərbaycanda 116-117, Ermənistanda 114 olub. Ermənistanda azalma müşahidə olunsa da, Gürcüstanda bu göstərici 2007-ci ildə 111, 2008-ci ildə isə 128-ə çatıb. 
Bu rəqəmlər valideylərin cinsi selektiv abortlara müraciət edərək oğlan uşaqlarına sahib olmaq istəməsini göstərir. Araşdırmaya əsasən, cinsi selektiv abortlara 3-cü uşaqda daha çox müraciət edilir.
Ümumdünya Əhali Perspektivləri sənədinə əsasən, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir. Birinci yerdə Çin, üçüncü yerdə Ermənistan, dördüncü yerdə isə Gürcüstandır.
Mənbə: Milli.Az

 

28 aprel 2015
GO BACK