Qadin.NET / “Humay”ın 25-ci təqdimat mərasimi keçirilib

“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib

 

“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin təsis etdyi “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib. 1993-cü ildə təsis edilən mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.
Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, bu dəfə "Humay" heykəlciyi teatr, kino, ədəbiyyat, musiqi, təsviri sənət, jurnalistika, televiziya və idman sahəsində uğurlu fəaliyyət göstərmiş tanınmış insanlara verilib.
Teatr nominasiyasında “Kafkadan salam” (F.Kafka, quruluşçu rejissor Vaqif İbrahimoğlu) və “Fəna” (O.Fikrətoğlu, quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşalarında yaratdığı obrazlara görə YUĞ Dövlət Teatrının aktyoru Qasım Nağıyev “Humay” mükafatına layiq görülüb.
Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.
Qasım Nağı 27 fevral 1974-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1996-cı ildə ADMİU-nun "Bədii yaradıcılıq" fakültəsinin teatr kollektivi rejissorluğu şöbəsini bitirib. Tələbə vaxtlarından –1995-ci ildən YUĞ Teatrında çalışır. 
Bu illər ərzində Ağ adam (Ramiz Rövşən "Bircə qarış"), Ərmayıl (Firdovsi "Yasaq"), Firəng (Kamal Aslanov "Modus Vivendis"), VİP (İ.İbrahimli "Canımda can"), Yaho (U.Şekspir "Otello"), Əsəbi (Mustafa Əhmədov "Finiş"), Ağ rəng (R.Rza "Rənglər"), Gitaraçı (Kamal Aslanov "Serenada"), Lal (Cəlil Məmmədquluzadə "Meqopolis"), Qəribcan (İ.Əfəndiyev "Sən həmişə mənimləsən"), Saqqallı, Saray şairi, Carçı (Güngör Dilmen "Midasın qulaqları"), Təcrübəli Müstəntiq (K.Abdulla «Axırdan sonra»), Ər (S.Mrojek “Sərhəddə”), Oğul (Kafkadan salam), Kişi (O.Fikrətoğlu “Fəna”) və s. rolları ifa edib.
Mənbə: ANS PRESS

 

28 aprel 2015
GO BACK