Ekspertlərin fikrincə, bu sammit ötən il Avropa İttifaqı ilə Ukrayna arasında Assosiasiya razılaşması qüvvəyə mindikdən sonra təşkil olunan ilk mühüm tədbirdir. Həmin razılaşma keçmiş prezident Viktor Yanukoviç devriləndən sonra imzalanıb.
Sammitdə iştirak üçün Kiyevə gələn Avropa İttifaqı ölkələrinin liderləri bu gün Prezident Pyotr Poroşenko ilə xüsusi görüşəcəklər. Danışıqlarda bu ilin fevralında əldə edilmiş Minsk atəşkəs sazişi əsas müzakirə mövzusu olacaq.
Ümumiyyətlə, Minsk sazişindən sonra zorakılıqlar halları azalsa da, hökumət qüvvələri ilə separatçılar tərəfindən atəşkəsin pozulması qeydə alınır. Ötən gün Ukrayna ordusu 1 əsgərinin öldürüldüyünü, 7-nin yaralandığını bildirib.
Xatırladaq ki, Aİ liderləri bu ilin martında Minsk sazişi tam yerinə yetirilənədək Rusiyaya qarşı iqtisadi sanksiyaların qaldırılmaması barədə razılığa gəliblər.
Mənbə: ANS PRESS