Qadin.NET / Bakının Su Sarayı

Bakının Su Sarayı

Bakının Su Sarayı
"Bakı Su İdmanı Sarayı 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə hovuz yerləşir. İkinci mərtəbədə isə əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunu. Üçüncü mərtəbə isə tamaşaçılar üçün nəzərdə tutulub".
ANS PRESS-in məlumatına görə, bunu layihənin rəhbəri Tom Butçher söyləyib. O bildirib ki, sarayın dizaynı xarici şirkətlər tərəfindən hazırlanıb. Binanın uzunluğu 220, eni 150, hündürlüyü isə 35 metrdir. 
Tom Butçher qeyd edib ki, bina bütün beynəlxalq standartlara uyğundur və ən azı 50 il istifadə olunacaq: "Binada 3 hovuz mövcuddur. Onlardan ən əsası 50 metr uzunluğunda, 25 metr enində və 2,5 metr dərinliyindədir. Digər hovuzlar isə hündürlükdən tullanma və məşq üçün nəzərdə tutulub. 6 minlik tamaşaçı tutumu olan sarayda mətbuat üçün, idmançıların paltar dəyişdirməsi üçün şərait yaradılıb".
Bildirilib ki, Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur.
Layihə rəhbəri diqqətə çatdırıb ki, binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında ümumilikdə 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq.

Mənbə: ANS PRESS

27 aprel 2015
GO BACK