Facebook-un xərclərinin artımı cari ilin birinci rübündə dünyanın ən böyük sosial şəbəkəsinin gəlirinə mənfi təsir göstərib.31 mart 2015-ci il tarixində bağlanmış üçaylıq hesabat dövrünün nəticəsinə görə, Facebook-un xalis mənfəəti 509 milyon dollar təşkil edib. Bir il əvvəl bu göstərici 639 milyon dollar olub.
Facebook-un gəlirinin azalmasının əsas səbəbi əməliyyat xərclərinin artmasıdır. Tədqiqat və işləmələrə yatırılan investisiyalar 133 faiz, marketinq və satışların təşkilinə xərclər isə 2 dəfə yüksəlib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Facebook heyətin sayının artımına, planetin bütün sakinlərini internetə qoşmaq üçün Internet.org layihəsinə, virtual reallıq texnologiyalarının hazırlanmasına və şirkətlərin satın alınmasına aktiv sərmayə yatırıb. 2014-cü ildə Mark Zukerberqin şirkəti WhatsApp messencerini 21 milyard dollara satın alıb.
Hazırda Facebook yalnız auditoriyası 1 milyardı ötən sosial şəbəkə deyil, artıq WhatsApp (800 milyon aktiv istifadəçi), Facebook Messenger (600 milyon) və Instagram-ın (300 milyon) yer aldığı mobil tətbiqlər silsiləsidir.
Böyük miqyaslı biznes və reklam sayəsində 2015-ci ilin birinci rübündə Facebook-un mədaxili 41 faiz yüksələrək 3,54 milyard dollar təşkil edib.
2015-ci ilin yanvar-martında Facebook-un gündəlik aktiv auditoriyası illik hesablama üzrə 17 faiz yüksələrək 936 milyon istifadəçi təşkil edib. Facebook-dan ayda ən azı bir dəfə istifadə edənlərin sayı 1,44 milyarddır. 31 mart 2015-ci il tarixinə olan məlumata əsasən, Facebook-un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb.
Mənbə: Milli.Az