Fotoqraf ilk tanışlıqdan sonra bu sözləri deyib: “Buranın insanları məni heyrətə saldı. Bir turist bütün azərbaycanlılara xas qonaqpərvərlik birinci və ən önəmli faktordur. Azərbaycanda belə gözəl kadrları çəkdiyim üçün özümü xoşbəxt sayıram”.
Mucib Rəhman bu sənətlə hobbi kimi məşğul olduğunu deyir: “10 ildir fotoya meyl salmışam. Səyahət etməkdən və foto çəkməkdən həzz alıram. Bu, mənim ən çılğın hobbimdir. Səyahət fotoqraflığını sevirəm və məhz səyahət fotolarına üstünlük verirəm. Mədəniyyət, xalqlar, həyat, mənzərələr və s. məni çox maraqlandırır”.
Onun sənət sahəsində ilk və tək mükafatı 2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatıdır (HİPA - Hamdan İnternational Photography Award).
Mucib Rəhmanı daha yaxından tanımaq üçün onun “Azadlıq” radiosuna müsahibəsi və həvəslə paylaşdığı fotolarla tanışlıq yetər.
-Adətən özünüzü necə tanıdırsınız?
-Adım Mucib Rəhmandır. Hindistanda doğulmuşam. Dubayda (BƏƏ) yaşayıram. Fotoqrafçılıq ən çılğın hobbimdir. 12 ildir ki, Dubay hökumətinin Turizm Departamentində çalışıram.
-Bəs hobbinizə nə vaxt “yoluxmuşunuz”?
-10 ildir.
-Ən məşhur əsəriniz hansıdır? Və sizin özünüzün ən sevdiyiniz foto hansıdır?
-Ən məşhur şəkillərimdən biri 2015-ci il Hamdan Beynəlxalq Fotoqrafçılıq Mükafatına layiq görülən işdir. “Rəngarən həyat” (“Life in color”) adlanır. Bu fotonu Hindistanın şimalında yerləşən Şimla kəndindəki buddist monastırında çəkmişəm.
-Bəs ən sevimli fotonuz?
-Hindistanın şimalında (Racastan) çəkdiyim “Kəndli qadının məsum gülüşü” fotosudur.
-Sizcə, fotoşopun professional fotoqrafiyada yeri var?
-Əsasən fotoşopsuz şəkilləri bəyənirəm. Bəzən rənglə və ekspozisiya ilə oynamaq üçün “lightroom”dan yararlanıram. Düşünürəm ki, özəlliklə səyahət fotoqraflığının fotoşopa ehtiyacı yoxdur.
-Gəzdiyiniz ölkələrdən ən çox hansını sevdiniz? Sualı bir az dəyişim: hansı ölkə sizə daha maraqlı gəldi?
-Azı 25 ölkəni gəzmişəm - əsasən Asiya və Afrika ölkələrini. Bir neçə Avropa ölkəsində də olmuşam. Məncə, həyatı təsvir etmək üçün ən yaxşı yer Hindistandır.
-Və bir gün yolunuz Azərbaycana düşdü...
-Bura ilk dəfə gəlsəm də insanlar məni hər cəhətdən heyrətə saldılar. Onlardan xoş davranış, dəstək və qonaqpərvərlik gördüm. Deyərdim ki, onların belə xoş və gözəl olmaları unudulmaz idi. Bura yenə gəlmək istərdim. Azərbaycanda belə gözəl kadrları çəkdiyimə görə özümü xoşbəxt hiss edirəm.
-Azərbaycan haqqında eşitdiklərinizlə gördükləriniz arasında çoxmu fərq var?
-Düzü, bura gəlməzdən öncə Azərbaycan haqqında elə bir bilgim yox idi. Sadəcə “Odlar diyarı” kimi tanıyırdım - o qədər. Bir turist üçün qonaqpərvərlik birinci və ən önəmli faktordur. Bu xüsusiyyətsə bütün azərbaycanlılarda var. Mən artıq burada dostlar qazandım.
-Azərbaycanda ən çox nə maraqlı gəldi sizə?
-Məndən ötrü Azərbaycanın tarix və mədəniyyəti maraqlıdır. Təbii ki, kəndləri, həyat tərzi, mənzərələr, insanlar, qonaqpərvərlik də həmçinin. Hər şey gözləntilərimi aşdı! Yenidən gəlmək çox xoş olardı.
Mənbə: ANS PRESS