Qadin.NET / İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"

İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"

"İsrail Olimpiya Komitəsi çoxdandır Azərbaycan Olimpiya Komitəsi ilə əməkdaşlıq edir". Bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael HarpazBakıda keçiriləcək Avropa Oyunlarını şərh edərkən deyib.
Səfir qeyd edib ki, Azərbaycan və İsrail arasında uzun illərdən bəri idman sahəsində sıx əməkdaşlıq var.
O, Bakı-2015 Avropa Oyunlarının bir növ brendə çevriləcəyini və ölkənin idman infrastrukturunun inkişafına xidmət edəcəyini vurğulayıb.
Səfir bildirib ki, İsrail I Avropa Oyunlarına 150 idmançıdan ibarət heyətlə qatılacaq: "Bu, İsrail üçün kifayət qədər geniş heyətdir, hətta Londonda keçirilmiş Olimpiya Oyunlarına qatıldığımız heyətdən də böyükdür".
Onun sözlərinə görə, Bakı-2015-də iştirak İsrail üçün böyük əhəmiyyət daşıyır: "Çünki Avropa Oyunlarında qələbə qazanacaq İsrail idmançıları Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiya Oyunlarına qatılmaq imkanı əldə edəcəklər".
R.Harpaz Bakıdakı yarışların İsraildə yayımlanacağını da qeyd edib: "İsrail mətbuatı Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərini geniş işıqlandırır. Bu, möhtəşəm və uğurlu tədbir olacaq".

Mənbə: Milli.Az

24 aprel 2015
GO BACK