Qadin.NET / Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər

 

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF-nın mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi aprel  ayının 20-si tarixinə tam yekunlaşıb.Ümumilikdə cari ilin 3 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 3 ayı ərzində Fondun gəlirləri 751,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 410 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 faiz və ya 29 milyon manat çoxdur. Cari ilin 3 ayı ərzində Fondun xərcləri 725,7 milyon manat olub və bunun 713,7 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.İlkin məlumatlara əsasən, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 203 nəfər təşkil edir. Onların 60,6 faizi yaşa görə,  28,5 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. 

 

Mənbə: Milli.Az

23 aprel 2015
GO BACK