Qadin.NET / Bakıda yağışı yığacaqlar?

Bakıda yağışı yığacaqlar?

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Bakı şəhərinə düşən atmosfer çöküntülərini təhlil edib.
Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, yağıntıların orta çoxillik (1961-ci ilə qədər), norma (1961-1190) və son illər (1991-2012) üzrə miqdarı müqayisə olunub. Müəyyən edilib ki, 1961-1990-cı illərdə atmosfer yağıntılarının miqdarı çoxillik göstəriciyə nisbətən 19% artıb. 1991-2012-ci illərdə isə orta çoxillik göstəriciyə nisbətən təqribən 1,5 dəfə artım müşahidə edilib.
1991-2012-ci illər arasında 1998-ci il ən quraq (145 mm), 2011-ci ildə isə ən rütubətli il (543 mm) kimi seçilir. 1998-ci ildə normadan 2 dəfə, orta çoxillikdən isə 1,4 dəfə az yağıntı düşüb. 2011-ci ildə isə 2,7 dəfə çox yağıntı müşahidə olunub.
Atmosfer yağıntıları ilə Bakıya gələn içməli suyun kəmiyyətlərinin müqayisəsi də maraqlı mülahizələrə səbəb olur. Bakı şəhərinə bütün mənbələrdən yan aylarında 20 kub metr/san, qışda isə 17 kub metr/san su daxil olur. Bu isə ildə təqribən 0,6 kub km su deməkdir. Norma üzrə Bakıya ildə 235 mm atmosfer yağıntıları düşür. Bu bir hektara 2350 kub metr su deməkdir. Bakının sahəsinin 213000 ha olduğunu nəzərə alsaq bu, ildə Bakıya atmosfer yağıntıları şəklində təqribən 0,5 kub km su düşməsi deməkdir.
Bunun təqribən 50% bərkörtüklü küçələrə və binaların damına yağan yağışdır. Coğrafiya İnstitutunun qənaətincə, izafi axıb gedən suların toplanması və istifadəsi yolları tapılmalıdır.
Relyef şəraitini nəzərə almaqla şəhərin müxtəlif hissələrində kiçik su anbarları yaratmaq, onlara toplanan sudan ən azı ətrafdakı yaşıllıqların suvarılmasında istifadə etmək olar. Bu, şəhərin ümumi kanalizasiya sisteminin yükünü azaldar, küçələrdə yağışdan sonra yaranan gölməçələrin qarşısını alar, yolların asfalt örtüyünün qorunmasına xidmət edər, ən başlıcası isə içməli suya qənaət olunmasına səbəb olar.
Qeyd edək ki, AMEA Coğrafiya İnstitutu “Coğrafiya və təbii resurslar” jurnalında “Bakıda düşən atmosfer yağıntıları haqqında” məqalə çap olunub.

 

Mənbə: Milli.Az

23 aprel 2015
GO BACK