ANS PRESS-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ahıllarla bağlı nazirlikdə keçirilən seminarda söyləyib.
O bildirib ki, 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb. İ.İsayev qeyd edib ki, 2050-ci ilədək bu göstəricinin 12 faizə qədər artacağı proqnozlaşdırılır:
“BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4%-ni təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4%-7% arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7% və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%-ni, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək”.
İ.İsayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir. Nazirlik rəsmisi hesab edir ki, qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi “cavan” əhali sayılır.
Mənbə: ANS PRESS