ANS PRESS-in məlumatına görə, Baş nazir Matteo Renzi Avropa İttifaqına müraciət edərək Aralıq dənizində miqrantların kütləvi boğulmasının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.
İtaliyanın müdafiə naziri Roberta Pinotti telekanallardan birinə müsahibəsində bildirib ki, Avropa İttifaqı bölgəyə hərbi müdaxilə barədə düşünməlidir. O deyib ki, qaçaqmalçıların katerlərinin yerləri, özlərinin toplaşdıqları yerlər bilinir və sadəcə olaraq hərbi əməliyyatın keçirilməsinə ehtiyac var. Bununla belə, bir sıra yüksək vəzifəli hərbçilər belə bir müdaxilənin real olmadığını deyir.
Qeyd edək ki, son aylarda Şimali Afrikada və Suriyada davam edən döyüşlərdən dəniz yolu ilə qaçan insanların sayı kəskin artıb. Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, ötən ildən bəri ölən miqratntların sayı 30 dəfə artıb.
Ötən bazar günü isə Liviya sahilləri yaxınlığında mühacirləri Avropaya daşıyan qaçaqmalçı gəmisi batdığı üçün 800-dən çox insan boğularaq həlak olub.
Mənbə: ANS PRESS