Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.
Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunacaq.
CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: “Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq”.
Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir.
Mənbə: ANS PRESS