Havaların istiləşməsi ilə əlaqədar olaraq həkimlər, paytaxda və bölgələrdə ilan və əqrəblərin aktivləşməsini nəzərə alıb, vətəndaşlara ehtiyyatlı olmalarını tövsiyyə edir. Hər il aprel ayından başlayaraq müşahidə olunan bu aktivlik nəticəsində vətəndaşlar sürünənlər və həşaratların zəhərli hücumuna məruz qalır. Bu cür hallar isə əsasən Bakı kəndlərində, Qobustan qəsəbəsində, Hacıqabul, Şirvan, Şəki və Qəbələ bölgələrində daha tez-tez müşahidə olunur.
Təəssüf ki, bəzən ilan sancmış şəxsi vaxtında xəstəxanaya çatdırmadıqlarından zərdab vururaq onun həyatını xilas etmək çətin olur. Bəzi hallarda isə vətəndaşlar özləri körtəbii şəkildə ilan sancmış yerə sıxıcı sarğı qoyur və ya həmin yeri kəsirlər. Bununla da yaralanmış yerə səhv müdaxilə etmiş olurlar. Nəticədə də həmin şəxsi xilas etmək mümkünsüzləşir.
Toksikologiya mərkəzindən verilən məlumata görə artıq dünən Yevlax rayonundan 24 yaşlı gənc ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub. Hazırda isə onun vəziyyəti orta ağır olaraq qalır. Ümumilikdə isə paytaxt və bölgələrdə olan xəstəxanalar ilan sancmasına qarşı zərdablarla təmin edilib. Əgər ilan və ya əqrəb sancma hallarıyla rastlaşsanız, əks təsirlərin olmaması üçün korttəbii şəkildə deyil, düşünülmüş şəkildə vaxtında yaxınlığdakı xəstəxanaya müraciət etməyiniz tövsiyə edilir.
Mənbə: ANS PRESS