Qadin.NET / Bir-birimizə necə müraciət edək?

Bir-birimizə necə müraciət edək?

 

Bəzən müraciət formamız qarşı tərəfə xoş gəlmir deyə, onunla ünsiyyətimiz elə bəri başdan alınmır.

 

Azərbaycan dilində konkret müraciət formasının olmaması insanlarla ünsiyyət zamanı bir çox çətinliklər doğurur. İstər rəsmi, istərsə də qeyri-rəsmi yerlərdə söhbət etmək istədiyimiz şəxslərə hansı formada müraciət etsək - müəllim, bəy, xanım və s. daha doğru olar deyə düşünürük. Bəzən müraciət formamız qarşı tərəfə xoş gəlmir deyə, onunla ünsiyyətimiz elə bəri başdan alınmır. Bunun da ancaq bir səbəbi var, o da Azərbaycan dilində müraciət formalarının sabitləşməməsidir.
“Müəllimliklə əlaqəsi olmayanlara müəllim demək biabırçılıqdır”Mövzumuzla bağlı suallarımızı cavablandıran, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli
bildirdi ki, müraciət formaları tarixən formalaşır: “Zamanın müəyyən kəsimlərində müxtəlif müraciət formaları ortaya çıxır. Tarixi şəraitdən asılı olaraq, onlar ümumişləkliyini ya qoruyur, ya da itirir”. “Hazırda bizdə müraciət formaları sabitləşməyib”, - deyən Q. Məhərrəmli bunları əlavə etdi: “Bizdə bir vaxtlar bəy sözü müraciət forması kimi işlənirdi. Lakin onu sonralar karikatura çevirdilər. Daha sonra müəllim sözü müraciət forması kimi daha çox işlənməyə başlayıb. Mən buna çox pis baxıram. Çünki elə insanlara müəllim deyilir ki, həmin şəxs bu ada layiq deyil. Müəllimliklə əlaqəsi olmayanlara müəllim demək biabırçılıqdır”.
“Əfəndim sözündən müraciət forması kimi istifadə etmək mümkündür” Müsahibimiz qeyd etdi ki, Türkiyədə müraciət forması kimi işlənən əfəndim sözünün Azərbaycanda da istifadə olunması məqbuldur: “XX əsrin əvvəllərində əfəndim sözü müraciət forması kimi Azərbaycanda da istifadə olunub. Bu da əsas verir ki, əfəndim sözündən müraciət forması kimi istifadə etmək mümkündür”. Q. Məhərrəmli sonda söylədi ki, müraciət formasının meydana gəlməsi və sabitləşməsi təkcə dilçilərdən asılı deyil: “Bu həm də sosioloqların, jurnalistlərin və s. peşə sahiblərindən asılıdır. Yəni bu, mədəni inkişafla bağlı olduğu üçün müraciət formalarını cəmiyyət özü ortaya çıxarır”.
“Gərək bəy sözünün üstündəki siyasi kölgəni götürək”
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, hazırda müraciət forması kimi müəllim sözündən daha çox istifadə olunur. Buna baxmayaraq, bəzilərinin ona müəllim kimi müraciət olunmasından xoşu gəlmir: “Dilimizdə müraciət formasının sabitləşməməsi insanlarda çaşqınlıq yaradır. Ona görə hesab edirəm ki, bununla bağlı yekun qərara gəlinməlidir. Müəllim sözündən müraciət forması kimi istifadə etməyin tərəfdarı deyiləm. Çünki müəllimliyin cəmiyyətdə sosial statusu var. Mənim fikrimcə, müraciət forması kimi bəy sözündən istifadədən nahaq çəkinirik. Çünki Türkiyədən buraya yüksək səviyyədə belə, kim gəlirsə, ona bəy deyə müraciət edirik. Amma yerlimizə bəy deyə bilmirik. Gərək bəy sözünün üstündəki siyasi kölgəni götürək. Bunun üçün də ictimai müzakirə keçirilməli və yekun qərara gəlinməlidir”. 
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının bu mövzuda maraqlı bir məqaləsi var. Orada müxtəlif xalqlardakı müraciət formaları öz əksini tapıb. Yazının bəzi hissələrini nəzərə çatdıraq: “Fransızlar soyadın və ya vəzifənin əvvəlində kişiyə “monsieur” (müsyö), qadına “madame” (madam), gənc qıza və evli olmayan qadına “mademoiselle” (mademazel, mademuazel) deyirlər. Uyğun müraciət şəkli - ispanlarda senor, senora, senorita, italyanlarda signore, signora, signorina, almanlarda herr, frau və fraulein (indi frau həm evli, həm subaylara, fraulein isə əsasən uşaq və ya yeniyetmə qızlara aid edilir); burada sözlərin tələffüzünü deyil, yazı formasını göstərməklə kifayətlənirik.
İngilislər kişiyə “mister” (qısaca: mr), evli və ya dul qadına “missis” (mrs, tələffüzdə: misiz), subay qadına “miss” (mis), evli olub-olmadığı nəzərə alınmırsa, “ms” (miz) deyə müraciət edirlər. “Mister” ifadəsi “master” (usta, ustad) sözündən, qadınlara aid müraciət formaları isə “mister” sözünün qadın cinsi qarşılığı olan (və əvvəllər istifadədə olan) “mistress” sözündən əmələ gəlib. Yüksək vəzifə sahiblərinə müraciətdə “mister” ifadəsi ad və ya soyadın deyil, vəzifənin önündə işlənilir, məsələn, mr President. Oxşar halda qadınlara madam deyə müraciət olunur.
Qadına daha bir hörmətli ifadə olan “lady” və kişiyə “centleman” (cəm şəkildə: ladies and gentlemen!) sözləri ilə müraciət edirlər. Türkiyədə istifadə edilən bay və bayan kəlmələri və onların işlənilmə üsulu, görünür ki, Avropa müraciət formalarına uyğunlaşmaq cəhdi idi (bayan qadın sözünün sanki daha hörmətli əvəzidir). İngilislər hörmətli yaşlı kişilərə, yüksək vəzifə sahiblərinə və ya kübar mənşəyi olan kişilərə, həmçinin “sir” deyə müraciət edirlər (adın əvvəlində və ya adsız): uyğun halda qadınlar üçün madam sözündən istifadə olunur.
Ruslar kişilərə “qospodin”, qadınlara “qospoja” və ya “dama” deyə müraciət edir, əsasən isə ad və ata adından (Mixail Yeqoroviç, Yelena Yeqorovna) istifadə edirlər. Yaponiyada cinsindən asılı olmayaraq ada və ya soyada “san” ifadəsi əlavə edilir: Tanaka-san, Aki-san. Əlbəttə ki, baxdığımız dillərdə bir sıra başqa müraciət formaları, o cümlədən irsən keçən çoxsaylı zadəgan titulları da mövcuddur; onların adlarını çəkmək belə böyük yer tutardı.
 İnsanlara onların peşəsi, sənəti və elmi səviyyəsinə görə də müraciət edilir: məsələn, hörmətli musiqiçilərə “maestro” və ya “doktorluq” (PhD) elmi dərəcəsi olanlara, həmçinin həkimlərə “doctor” (dr) deyə müraciət edilir; bizdəki əcaib fəlsəfə doktoru (sözə baxın: kimya üzrə fəlsəfə doktoru?!) və elmlər doktoru kimi mənasız ikili ad və dərəcə sistemi Qərbə xas deyil). Qarşıdakını böyütməklə yanaşı, özünü qarşıdakından daha aşağı tutmaq da nəzakətli müraciət forması sayılıb - nökəriniz, aciz qulunuz, sadiq bəndəniz, qurban kimi (İslam aləmində və Çində bu cür ifadələr çoxdur)”.
Mənbə: Milli.Az
22 aprel 2015
GO BACK