Qadin.NET / Evlərin qiyməti bahalaşıb

Evlərin qiyməti bahalaşıb

 

 

Kəpəz TV (Region TV) xəbər verir ki, bu ilin fevral ayında manatın məzənnəsində yaranan kəskin dəyişiklik bir sıra iqtisadi sahələrə təsirsiz ötüşməyib. O cümlədən ilin ilk rübündə Azərbaycanda mənzillərin təxminən 10% civarında bahalaşması da məhz bu tendensiyanın nəticəsidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər illik mənzil bazarında 12,7%, təkrar mənzil bazarında 10% artıb. Bu isə yeni mənzillərin 4,8%, köhnə mənzillərin isə 3,5% baha qiymətə təklifi deməkdir. Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında baş verən proses təbii qiymət artımı deyil, əksinə dolların kursunda yaranan yüksəlmənin təzahürüdür.
Məsim Abadov, ekpert: “Evlərin alqı- satqısında olan danışıqlar əvvəldən qeyri-rəsmi olaraq dollarla getsə də, ödəniş milli valyuta ilə edilirdi. Faktiki olaraq dollarla danışılan məzənnə yerində qaldığı üçün kurs dəyişikliyində evlərin qiymətində artım baş verir. Burada müəyyən qədər danışıqlar gedir, satan da aşağı salır qiyməti, alan da müəyyən qədər yuxarı ödəyir və sonda evlərin qiymətində artım baş verir”.
Daşınmaz əmlak bazarında yaranan qiymət artımını rieltorlar da təsdiqləyir.
Nazim Əliyev, rieltor: “Hazırda torpaq, bina evi, həyət evlərinin satışında artım var. Ancaq alıcılıq, demək olar ki, yox səviyyəsindədir. Hər kəs dolların aqibətini gözləyir”.
Əgər milli valyuta alıcılıq qabiliyyətini itirməkdə davam edərsə, əhalinin gəlirləri azalacaq, bu da, öz növbəsində, qiymətlərin yenidən enməsi ilə daşınmaz əmlak bazarında fəallığa təsir göstərəcək.

Mənbə: Milli.Az

21 aprel 2015
GO BACK