Avropa İttifaqı (Aİ) Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulması üçün əlindən gələni edəcək.ANS PRESS-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.O deyib ki, rəsmi Aşqabad bu layihəyə qoşulmaqda maraqlıdır. Türkmənistan hökumətinə rəsmi məktub göndərilib. Aİ bunun üçün Azərbaycan və Türkmənistanla anlaşma memorandumu imzalamaq, Türkmənistan qazının Avropaya çıxarılmasında daha yaxşı əməkdaşlığın yollarını müzakirə etmək fikrindədir.
M.Şefçoviç Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Azadlıq Radiosuna müsahibəsində vurğulayıb ki, hələlik yalnız diplomatik kanallarla əlaqə saxlanılır, amma çox yaxın vaxtlarda bununla bağlı siyasi müzakirələrə başlanılacaq.
İlk Azərbaycan qazının 2019-2020-ci illərdə Avropa bazarına çıxarılacaq.
Xatırladaq ki, Xəzər qazını Gürcüstan-Türkiyə, ordan isə Avropaya çıxaracaq şaxələnmiş layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında keçirilib. Uzunluğu 3 500 km-dən çox və 7 ölkədən keçən layihənin təxmini 45-50 milyard dollar həcmindədir. TAP, TANAP və Cənub Qafqaz Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.