Qadin.NET / Böyük qalmaqal: İdmançımız 1-ci oldu, Ermənistan himni səsləndirildi

Böyük qalmaqal: İdmançımız 1-ci oldu, Ermənistan himni səsləndirildi

Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur. 
Azərbaycan Sambo Federasiyasından Mdern.Az saytına verilən məlumata görə, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq),Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq),Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışırlar.
Modern.az saytına məlum olub ki, dünən Avropa Çempionatında xoşagəlməz insident yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Azərbaycan himninin əvəzinə Ermənistanın himninin səsləndirildiyini görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub.
Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilatçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər.
Bu "yanlşlığın" Azərbaycana qarşı növbəti təxribat ola biləcəyi istisna deyil.

Mənbə: Milli.Az

18 aprel 2015
GO BACK