Rusiya Ukraynada atəşkəs razılaşmasına əməl etməyənə qədər ABŞ və Avropa Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamalıdır.ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ prezidenti Barak Obama deyib.
"Razılığa əsasən tələb olunan istiqamətdə addımlar görməyənədək biz ən azı sanksiyaları hazırki səviyyədə saxlamalıyıq'' - deyə Obama Vaşiqntonda İtaliya baş naziri Matteo Renzi ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Rusiya keçən il Ukraynada Krımı ilhaq edəndən və ölkənin şərqindəki separatçıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Qərb rəsmiləri deyir ki, Rusiya hərbi qüvvələri separatçıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya rəsmiləri isə bu ittihamları rədd edir. Prezident Vladimir Putin dünən keçirilən illik sual-cavab sessiyasında dəfələrlə bu iddiaları rədd edib.
Mənbə: ANS PRESS