Qadin.NET / Böyük faciə necə baş verdi?

Böyük faciə necə baş verdi?

 

 

Aralıq dənizində baş verən insident nəticəsində həbs olunanların sayı artıb. Hadisənin daha da qabarmasına səbəb, mühacirlər arasında yaranan problemin dini zəmində baş verməsinin iddia olunmasıdır. İtaliya hökümətini isə başqa məsələ narahat edir. Şimali Afrikadan mühacirət edənlərin problemini necə həll etməli?
ANS TV-nin məlumatına görə, İtaliyaya qeyri-leqal mühacir aparan gəmidən 12 xristianı suya atmaqda şübhəli bilinən 15 mühacir müsəlman həbs edilib. Hadisə şahidləri İtaliya polisinə söyləyiblər ki, gəmidə başlanan dava nəticəsində Qanadan və Nigeriyadan olan mühacirlər xristian dininə mənsub digər mühacirləri dənizə atıblar. Onların hamısının öldüyü ehtimal olunur. İddiaya görə gəmidə qalanlar müdafiə olunmaq üçün əl-ələ verib canlı sipər yaradıblar.
“Mən şokdayam, çünki biz bir-birimizi tanıyırdıq. Bəzilərini ölkəmizdə görmüşdüm, bəziləri ilə yolda tanış olduq. Biz hamımız müxtəlif ölkələrdənik. Aramızda Burundidən, Somalidən, Suriyadan, hətta Pakistandan insanlar var idi”, – deyə Qambiyalı miqrant qeyd edib. 
Palermo şəhər polisi insident barədə göz yaşı tökən xristiyan miqrantlarla sorğu-sualın gedişatında bu barədə məlumat öyrənib. Həbs olunanlara dini zəmində qətl törətmək ittihamı irəli sürüb. Şübhəlilər Qvineya, Mali, Kot-d'İvuar və Seneqallıdılar. Hava ilə doldurulan qayığın göyərtəsində 105 nəfər olub.
Dünən Liviyadan İtaliyaya yollanan başqa bir mühacirlərlə dolu qayığın aşması nəticəsində 41 afrikalı boğulub. Oxşar hallarda son gün bir neçə gündə 400 mühacir Aralıq dənizində batıb.
Onların arasında uşaqlar da olub. Bu arada İtaliya hakimiyyəti Avropa İttifaqını Şimali Afrikadan mühacirət probleminin həllində kömək etməyə çağırıb. 
Avropa Birliyinin miqrasiya siyasəti üzrə nümayəndəsi vəziyyətin getdikcə ağırlaşdığını və Avropanın miqrant axınının öhdəsindən təkbaşına gələ bilməyəcəyini etiraf edib.
“Hava şəraitinin yaxşılaşması və qonşu bölgələrdə münaqişələrin davam etməsi mühacirətə yol açır. Biz həm də səmimi olmalıyıq. Avropa Komissiyası bunun öhdəsindən təkbaşına gələ bilməz. Biz miqrasiyanın idarə olunması sahəsində əlimizdən gələni edirik. Amma bizim əlimizdə sehrli çubuğumuz yoxdur”, – deyə Avropa Birliyinin nümayəndəsi Nataşa Berto bildirib. 
Az qala hər gün Afrikanın şimalında yüzlərlə qanunsuz miqrant daha yaxşı həyat və iş tapmaq ümidilə qaçaqmalçı gəmilərində İtaliyaya yola düşür. 

 

Mənbə: ANS PRESS

18 aprel 2015
GO BACK