Qadin.NET / Vaxtından əvvəl düşən dişin problemləri

Vaxtından əvvəl düşən dişin problemləri

"Süd dişinin zamanından tez çəkilməsi daimi dişlərin yerində çıxmasına əngəl yaradır. Təəssüf ki, bizdə əhali süd dişinə diş kimi əhəmiyyət vermir. Bir çox valideynlər uşağın dişində qaralma, karies olanda buna adi bir hal kimi yanaşır. Uşağı həkimə ağrı olanda aparırlar və dişin çəkilməsini istəyirlər”.Bunu APa Tv-nin “Öncə sağlıq” proqramında həkim-stomatoloq Şahrux Hatəmi deyib.
Stomatoloq bildirib ki, bu düşüncədə olan insanlar süd dişlərinin önəmini, funksiyalarının nədən ibarət olduğunu bilməyənlərdir: “Hər kəs bilməlidir ki, süd dişlərinin rolu böyükdür. Əvvəla, onların estetik baxımdan önəmi var. Uşaqlarda süd dişləri 3-4 yaş arasında düşərsə, həm estetik, həm də psixoloji problemlərə səbəb ola bilər. İkincisi, hərflərin deyilişi, səslərin çıxarılmasında problemi yaranır. Ələlxüsus ön dişlər vaxtından əvvəl düşəndə uşaq bir sıra hərfləri, sözləri səhv tələffüz edir, yanlış səslər çıxarır. Bunun problemlə səbəb olmaması üçün daimi dişlər çıxana qədər uşaqlara hərəkətli protezlərin taxılması vacibdir.
Üçüncüsü, bu dişlərin çeynəmədə rolu nəzərə alınmalıdır. Uşaq yeməyi normal çeynəyə bilməyəndə əzələlərin inkişafı qüsurlu olur, eyni zamanda sinir sistemində problemlər ortaya çıxır. Hətta uşağın mədə-bağırsağında narahatlıq yaranır. 
Ən önəmli məqamlardan biri isə süd dişlərinin vaxtından tez düşməsi, çəkilməsi hallarında altdan çıxan daimi dişlərin rəhbər funksiya yerinə yetirməsidir. Süd dişi zamanından tez çəkilərsə, daimi diş çənənin başqa bir yerindən, ya damağın iç, ya da bayır tərəfindən çıxır. Bu isə gələcəkdə ciddi problemlərə yol açır və ortodontik müalicə tələb olunur”.
Mütəxəssis, süd dişlərinin normal halda uşağın yeddinci ayından çıxmağa başladığını xatırladıb: “6-7 yaş arasında süd dişlərinin düşməsi normal qəbul olunur. Çünki bu dövrdə altdan daimi dişlər gəlir. Hər dişin özünün çıxma və düşmə zamanı var. Ən böyük problem isə “6 yaş dişi” deyilən bir dişlə (birinci azı dişi) bağlı yaranır. Bu diş 6 yaşda çıxır. Valideynlər bunun süd dişi olduğunu zənn edir və əhəmiyyət vermirlər. Halbuki bu, daimi dişdir və ona diqqət yetirmək lazımdır. Həmin dişdə karies olarsa, mütləq həkimə müraciət edilməlidir. Bu diş bir çox uşaqlarda tez sıradan çıxır və müalicəsi də xeyli zaman alır. Çünki sinir ucları açıq olur”. 
Şahrux Hatəmi, daun sindromunun, qalxanabənzər, hipofiz vəzlərində olan problemlərin, qızılcanın, B12 vitamini çatışmazlığı və s. halların süd dişlərinin çıxmasına təsir etdiyini deyib.
Həkim qeyd edib ki, hamilə qadınlar hamiləlikdən öncə mütləq dişdə, ağızda olan problemlərini həll etməlidirlər: “Anada karies varsa, bu uşaqlara da keçir, bunu da nəzərə almaq lazımdır”.
Mütəxəssis onu da deyib ki, süd dişləri çıxandan sonra onlara qulluq olunmalıdır. Hətta ilk süd dişi çıxan kimi onu steril tənziflə silmək gərəkdir.
Onun sözlərinə görə, 3 yaşdan aşağı uşaqların diş pastasından istifadə etməsi məsləhət deyil, dişləri pasta qoymadan fırçalamaq lazımdır: “Hər yaş qrupuna aid fırçalar var və fırçaları yaş qrupuna uyğun seçmək lazımdır. Belə olmasa, diş əti toxumalarına ziyan dəyə bilə”.
Həkim qeyd edib ki, uşaqlar üçün olan diş sapından 7 yaşdan sonra istifadə olunmalıdır.
Onun sözlərinə görə, süd dişlərinin sıradan çıxmasının, çürüməsinin əsas səbəbi kariesdir: “Kariesin zamanında qarşısı alınsa, böyük problemlərə yol açmaz. Çeynəmədə olan problem də diş itirilməsinə səbəb olur. Eyni zamanda çənə sümüyündə olan problemlər, uşaqların aldığı travmalar nəticəsində süd dişləri erkən itirilir.

Bəzi həkimlər yanlış olaraq yan kəsici diş çıxsın deyə kəsici süd dişini çəkirlər. Ümumiyyətlə, hər problem olan dişi çəkmək olmaz. Süd dişinin müalicəsi də tək plomb qoymaqla bitmir. Bütün dişlər müayinə olunmalıdır. Eyni zamanda uşağın hansı xəstəliklərinin olduğunu, keçmişdə hansı problemlərlə üzləşdiyini araşdırmaq gərəkdir. Dolğun məlumatlar alandan sonra müalicəyə başlamaq olar.Diş erkən yaşda çəkilərsə, düşərsə, yandakı dişlər çəkilən yeri daraldır və altdakı daimi diş başqa yerdən çıxır. Bu halın qarşısını almaq üçün çəkilən dişin yerinə yer tutucu tətbiq olunmalıdır. Sabit və hərəkətli yer tutucular var və yerinə görə tətbiq edilir. Yer tutucu taxılıbsa saqqızdan, yapışqanlı qidalardan istifadə etmək olmaz”.
Stomatoloq onu da vurğulayıb ki, karies öncə dişdə ağ nöqtə şəklində özünü göstərir. Ən çox üst kəsər dişlərdə, diş ətində yaxın yerdə karies əmələ gəlir: “Ağ nöqtə görünəndən sonra müalicə olunmasa, qəhvəyi rəngli ləkəyə çevrilir. Yəni karies daha da irəliləyir və bu zaman kanal müalicəsi tətbiq olunur. Bu da vaxtında edilməsə, dişin çəkliməsinə, hətta çənə sümüyündə itkiyə də səbəb ola bilər. Ona görə də ağ nöqtələrə zamanında diqqət etmək gərəkdir”.Ş. Hatəmi bildirib ki, şəkərli, nişastalı qidalar qazlı içkilər kareisin yaranmasına səbəb olan amillərdəndir: “Uşaqlara qazlı içkilər verməkdənsə, kalsiumla zəngin olduğu üçün ayran verilməsi daha məqsədəuyğundur. Eyni zamanda uşaqlara qatıq, süd məhsulları, portağal, mandarin vermək də yaxşı olar. Bu qidalar dişləri, diş ətini möhkəmləndirir.
Təbii ki, uşaqların şəkərli saqqızlardan istifadəsi də zərərlidir. Şəkərsiz saqqızlardan istifadə oluna bilər, ancaq qədərində. Uşaqlarda çənə inkişafı tamamlanmadığı üçün saqqızdan çox istifadə etmək olmaz. Uşaqlarda bəzən ağız quruluğu olur, bu zaman ağız sulandırıcı saqqızlar tövsiyə oluna bilər. Digər hallarda isə uşaqları saqqızdan uzaq saxlamaq lazımdır”.
Stomatoloq uşaqları əmziklə yatırtmağın ziyanlı tərəfləri barədə də danışıb və bunun bir sıra fəsadlara yol açdığını vurğulayıb.
Süd dişlərini qoruyucu tədbirlər barədə danışan Ş. Hatəmi deyib ki, buraya ilk növbədə dişlərin gündə iki dəfə fırçalanması, düzgün qidalanma, şəkərli qidalardan uzaq durmaq daxildir: “Uşaq yatmazdan əvvəl bir az pendir yesə, dişlər üçün çox faydalı olar. Pendirin tərkibində olan maddələr diş minasını möhkəmlədir”...

Mənbə: Milli.Az

17 aprel 2015
GO BACK