Bu ilin iyun ayında keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 1,0450 AZN/USD-yə qədər düşə bilər. Buna səbəb kimi dünya bazarında neftin qiymətinin yüksəlməsi və Oyunlar zamanı Azərbaycana turist axınının artması amilləri göstərilə bilər. Bununla yanaşı, dünya bazarında dolların digər valyutalara qarşı zəifləməsi manatın möhkəmlənməsi prosesini daha da sürətləndirəcəyi ehtimal olunur.
Report"un analitik qrupu "Brent" markalı neftin qiymətinin yaxın iki ay ərzində 75 dollar/barelə qədər yüksələcəyini və yay aylarında 70 dollar/bareldən baha satılacağını proqnozlaşdırır. Lakin 2015-ci ilin sonuna yaxın neftin yenidən 50 dollar/barelə qədər ucuzlaşacağı, dolların isə dünya bazarında avroya qarşı möhkəmlənərək, hətta pariteti keçəcəyi, nəticədə, manatın yenidən dollara nəzərən zəifləyəcəyi ehtimal olunur.
"Report"un proqnozlarına görə, bu ilin sonuna qədər dolların məzənnəsi 1,20 AZN/USD səviyyəsinə qədər yüksələ bilər.
Xatırladaq ki, hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 64 dollar, EUR/USD məzənnəsi 1,08-ə bərabərdir.
Qeyd edək ki, devalvasiya nəticəsində idxal olunan inflyasiyaya baxmayaraq, bu il Azərbaycanda inflyasiya 6-7% proqnozlaşdırılır. Dövriyyədə olan nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 19,8% azalaraq 8,7 mlrd. manata geriləyib. Bu amil isə inflyasiya gözləntilərinin aşağı düşməsinə səbəb olacaq.
Mənbə: Milli.Az