Qadin.NET / Üç aylıq mənəvi səfərin birinci ayı

Üç aylıq mənəvi səfərin birinci ayı

 

 

Qarşıdan, inşallah, üçaylıq gəlir - Rəcəb, Şəban və mübarək Ramazan ayları. Bu, son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi kamilləşmə üçün böyük fürsətlər vardır. Bu aylardan əvvəlincisi mübarək Rəcəb ayıdır. Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, sui-zəndən, digər qəlbi mərəzlərdən müalicə olunma ayıdır. Uca Allahdan istəyimiz budur ki, bu mübarək ayın əməllərindən bəhrələnməyi hamımıza nəsib etsin. Allah-Təala bu mübarək ayda mənəvi yüksəliş əldə etməyi bütün diləyənlərə qismət etsin, inşallah!
Haradadır Rəcəb əhli?
Rəcəb ayı ilə bağlı gələn mübarək çatdırışlar o qədər heyrətə gətirəndir ki, bunların özünün qavranılması ayrıca bir prosesdir. İmam Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl buyuruşları var. Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu bilirlər. Rəcəb ayının ehtiramını qoruyurlar. Rəcəb ayında oxunulası zikrləri, duaları, görüləsi əməlləri yaşadırlar. Və o qədər rəcəb ayıyla yaşayır ki, bunlara lrəcəbiyyun" - "rəcəb əhli" deyirlər. Bu şəxs rəcəbdə olan, rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta bu adam rəcəb əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət günü hamı nigaran, səksəkəli olan bir halda rəcəb əhlini bir axtararlar, çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda İmam Sadiq (ə) buyurur: "Qiyamət yetişən zaman İlahi carçı fəryad çəkər: "Eynər-racəbiyyun? "haradadır Rəcəb ayının əhli?"" Haradadır o kəslər ki, rəcəb ayını əziz tutdular və ondan bəhrə apardılar?...".
Qiyamət səhnəsi - hər bir imanlının narahatçılıqla gözlədiyi səhnədir. Və rəcəb ayı - o aydır ki, həmin səhnə üçün hazırlıqlı getməyi insana qismət edir.
Rəcəb ayının əhlinin özəl bir xüsusiyyəti olar. O qədər rəcəb ayının mübarəkliyindən faydalanar rəcəb əhli ki, Qiyamət günü məhşərə nur saçar... İmam Sadiq (ə) buyurur: "Və o böyük cəmdən insanlardan bir qrup ayağa qalxar ki, onların simasının nuru məhşəri işıqlandırar və nuraniyyət verər".
İnsan rəcəb ayının əhli olsa, rəcəb ayını tanısa, "rəcəbiyyun" kimi yaşasa, Qiyamət günü başında həqiqi sultanlıq tacları olar. İmam Sadiq (ə) buyurur: "Bu insanların başlarında dürr və yaqutla zinətlənmiş sultanlıq tacları olar".
Bir var insanların əldəqayırma tacları, müvəqqəti, ötəri tacları olsun. Heç bir gerçək dəyəri olmayan bir məqamı, dərəcəsi olsun. Bir də var Allahın lütfü, inayəti ilə, xüsusi diqqəti ilə insan o vəziyyətə çatsın ki, mənəvi sultanlıq ona qismət olsun.
Şirin çağırış
Bəli, o gün ki, Qiyamətdə hamı öz vəziyyəti barədə narahatdır, insanlar təşviş içindədir - o an bizə təsvir edilir. Burada şirin bir müraciət var: “Haradadır rəcəb ayının əhli?” Haradadır rəcəb ayını dərk edənlər? Haradadır rəcəbin izzətini yaşadanlar? Hanı o kəslər ki, rəcəb ayına layiqdirlər? - belə şirin müraciətlər var burada.
Baxın, simvolik bir dildə, insan idrakının anlaya biləcəyi bir dildə bizlərə bu ayın böyüklüyü çatdırılır. Arxasında böyük mətləblərin bəlli olduğu bildirilən bir kateqoriya ilə təmas sezilir burada.
Görün nə böyüklükdə məqamdır ki, mələk insana belə müraciət edir. Bu, rəcəb ayının məqamını üstün bilib, onun ehtiramını saxlayanlar üçündür.
Rəcəb ayında fövqəladə fürsətlər var. Vücudi xilas üçün fürsətlər. İnsan olaraq öz missiyasını dərk edib, həyata keçirmək üçün fürsətlər. Həzrət Peyğəmbər (s) və Əhl-beytinin (ə) bulağından bəhrələnənlər bu fürsəti görə bilir və ondan yararlana bilir.
Rəcəb ayında rəhmət qapıları açılır. Eyni əməl ki, başqa aylarda bir cür effekt verirdi, bu ayda qat-qat güclü təsir buraxır. Qat-qat üstün nəticələrə gətirib çıxarır. Bu həqiqətləri dildə və qəlbdə iqrar edənlərə aiddir bu nemətlərdən faydalanmaq imkanı. Elə də ola bilir ki, bu cür böyük nemətlər kiminsə yanından keçir, amma o, heç fərqinə belə varmır. Allah insanı belə durumdan saxlasın. 
Qiyamət günü mələklər rəcəb ayının əhlini əhatəyə alar, qarşılayar və onlara təbrik deyərlər. İmam Sadiq (ə) buyurur: "Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk onlara deyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”"
Rəcəb ayı ilə bağlı İmam Cəfər Sadiqin (ə) buyuruşunda bir səhnə var ki, Allahın rəcəb əhlini əhsənləməsi, onların layiq olduğu vəziyyətə uyğun onları mükafatlandırması burada təsvir olunur. İmam Sadiq (ə) buyurur: "Bu zaman Allah Təala tərəfindən nida gələr: "Ey mənim kişi və qadın bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız...".
Davamında rəcəb ayının əhlinə xas cəhətlərə işarə olunur. Onların çalışmaqlığına, könüllülüyünə xüsusi vurğu edilir: "Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!"
Fikir verək. Çalışmaqlıq və könüllülük. Yəni rəcəb ayında bir adam çalışsa, səy göstərsə, könüllü olaraq o ayın əməllərinə sahib çıxsa - bu 2 keyfiyyət insanı İlahi rəhmətin ona aid olmasına aparıb çıxarar.
Rəcəb ayının orucu
Allah Təalanın mərhəməti o qədər genişdir ki, hətta ixlasla bircə gün rəcəb ayında oruc tutana da öz mükafatını şamil edir. Rəcəb ayında hətta bir gün orucun malik olduğu fəziləti təsvir edən hədisdə İmam Sadiq (ə) buyurur: "Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tutsun. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında".
Soruşula bilər ki, 1 gün oruc tutmağa nə var ki? Amma həmin 1 günlərdən başlayır hər şey. Məhz o 1 günlərdir ki, insanı ya Allaha bəndəliyə aparır, ya da zülmə və azğınlığa. Rəcəb ayının 1 günündən belə kamil bəhrələnə bilsə, bu günü tam dərk edib, onun fəzilətlərinə sahib çıxa bilsə - xoş o insanın halına.
Zikrlərin müqabilində şəhidlərin savabı verilən ay
Əziz İslam Peyğəmbərinin (s) bu ayla bağlı çox mübarək buyuruşları və tövsiyələri var. Bunlar arasında, Rəcəb ayının əməlləri, zikrləri daha böyük yer tutur. Əziz Peyğəmbərimiz (s) buyurur: “Hər kim Rəcəb ayında 100 dəfə ”Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da onun vəziyyətini rəhmət və məğfirətlə xətm edər və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar". 
Mənası belədir ki, “bir Kəsdən bağışlanmaq diləyirəm ki, Ondan başqa ibadət ediləcək bir məbud yoxdur, O, təkdir, şəriki yoxdur və qayıdış Ona doğrudur”.
Gör necə bir ayda yaşayırıq ki, bu ayın ən sadə əməllərini yerinə yetirməyin müqabilində insana 100 şəhidin savabı yazılar. Adətən insan belə bir ayın qədrini həmin ay keçəndən sonra bilir. O zaman ki, ondan layiqincə bəhrələnə bilib-bilmədiyinin hesabatını aparır.
Bağışlanmaq ayı
Bəli, belə bir ayda yaşayırıq. İmam Sadiqdən (ə) nəql edirlər ki, Rəsulullah (ə) belə buyurub: “Rəcəb ayı - mənim ümmətimin tövbə ayıdır. Bəs bu ayda çoxlu sayda bağışlanmaq diləyin ki, Allah Təala bağışlayan və mehribandır”.
Bu ay oruc ayı olmaqla yanaşı, eyni zamanda istiğfar ayıdır. Yəni elə bir aydır ki, bu ayda əməllər, dualar, Allahla rabitə yaratmaq üçün fövqəl dərəcədə böyük imkanlar var. Bu ayda bir zikr var ki, insan həmin zikri bu ay ərzində nə qədər çox desə, insanın aqibəti üçün o qədər xeyirlidir. Bu zikr, insanın istiğfar etməsi, tövbə etməsi üçün imkan yaradır. Zikr belədir: “Əstəğfirullahə və əs-əluhut təvbəh”, yəni “İlahi, Pərvərdigara, Səndən bağışlanma, istiğfar diləyirik və qayıdış istəyirik!”. Buradan aydın olur ki, insan bu ayda özünü Allah dərgahına qayıtmasına, tövbə etməsinə, Allahdan bağışlanma diləməsinə həsr etməlidir. Göstərilən bu cümlə - ayın həqiqi mahiyyətini açmaq üçün ən gözəl vasitələrdəndir.
Uca Allahın belə bir geniş rəhməti, mərhəməti vardır. Allah Təala Öz bəndəsini o qədər sevir ki, bəndəsinin layiq olduğundan qat-qat artıq lütflər edir ona. Sanki Yaradan bir bəhanə arayır ki, bəndəsini bağışlasın, bəndəsinə lütflər əta etsin.
Rəcəb - paklanma ayıdır. Rəcəb - özünəqayıdış ayıdır. Rəcəb bir aydır ki, insan özünə, öz nəfsinə sanki deyir: “Dayan! Mən neçə aydır sənin qulun olmuşam, amma bəsdir, ey nəfs, yetər!” Rəcəb ayı insanı robotlaşmadan, cılızlaşmadan çıxara bilən bir aydır. Rəcəb ayı bir aydır ki, hamımızın şikayətləndiyi bir xəstəlikdən bizi müalicə edə bilər. Bu gün dünya şikayətlənir, deyir biz itiririk özümüzü. Biz öz varlığımızı itiririk, biz öz vücudumuzu itiririk. Biz sanki günbəgün insanlıq şəklindən çıxırıq. Biz sanki günbəgün yaranmışların əşrəfi olmaq durumundan ayrılırıq.
Bu Rəcəb ayı - həmin o müalicə ayıdır. Bizlər rəcəbə doğru bir addım atmaqla, özümüzü bu aya daxil etmiş oluruq. Bir addım atsaq, bu ay bizim böyrümüzdən ötüb keçməz. Özümüzü rəcəbə daxil etməklə, günahlardan təmizlənməyə, özümüzü hərtərəfli təftiş etməyə aid etmiş oluruq. 
Rəcəb ayının əməlləri
Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “Leylətul-rəğaib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub. Bu gecənin fəzilətləri sadalanmaqla bitməz. Həzrət Peyğəmbərdən (s) bu gecə ilə bağlı nəql edirlər: "Rəcəb ayının birinci cümə gecəsindən qafil olmayın. Mələklər o gecəni "Ləylətul-rəğaib" adlandırırlar. Elə ki, həmin gecənin üçdə biri keçər, elə bir mələk olmaz ki, Kəbə-müşərrəfəyə gəlməsin. O zaman Allah Təala Öz mərhəmətli nəzərini onlara yönəldər və buyurar: "Mələklərim! Hər nə hacətiniz varsa, Məndən istəyin!" Mələklər deyər: "Hacət və istəyimiz budur ki, Rəcəb aynın oruc tutanlarını bağışlayasan". Və Allah Təala buyurar: "Bağışladım!"". 
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər. 
Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (“Lə iləhə illəllah”) deməyin böyük fəziləti vardır.
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə (sonlandırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".
Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbəh"
Rəcəb ayı ilə bağlı tarixi səhifələr
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.
Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. 
Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.
Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir. 
Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə lyox!" deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
Allahım! Bizlərə Rəcəbin fəzilətlərini dərk etməyi və əməldə yaşatmağı nəsib et!
Allahım! Bizləri Rəcəb əhlindən qərar ver! Amin!

Mənbə: Milli.Az

17 aprel 2015
GO BACK