Qadin.NET / TQDK ARDNŞ üçün imtahan keçirəcək

TQDK ARDNŞ üçün imtahan keçirəcək

TQDK ARDNŞ üçün imtahan keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 19-da Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.ANS PRESS-in komissiyanın mətbuat xidmətinə istinadən evrdiyi məlumata görə, imtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da başlanacaq. 
Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər. Bunlar şəxsiyyəti təsdiq edən sənədin əsli və "imtahana buraxılış vərəqəsi"dir. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. 
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb.
Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunacaq. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt veriləcək. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək. 
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Mənbə: ANS PRESS

16 aprel 2015
GO BACK