Qadin.NET / Xarı bülbül Qaxa gəlib çıxdı

Xarı bülbül Qaxa gəlib çıxdı

Xarı bülbül Qaxa gəlib çıxdı
Şuşanın rəmzi sayılan Xarı bülbül Qaxda çiçək açıb. Təbiətin yalnız Azərbaycana bəxş etdiyi bu gülün kənddə çiçək açması hamını heyrətləndirib.
ANS TV-nin məlumatına görə, Qaxın Şıxlar kəndində Qurbanovlar ailəsinə məxsus meyvə bağında məskəni doğma Qarabağımız hesab olunan Xarı bülbülün yetişməsi ev sahiblərini heyrətləndirib. Ailənin kiçik oğlu Rəşad bağda oynayarkən təsadüfən xarı bülbülə rast gəlib. Dərsliklərdən bu bitki haqqında məlumatı olan Rəşad dərhal valideynlərinə xəbər verib:
“Bağda oynuyanda gördüm ki, ayağımın altında Xarı bülbül var. Sonra hamıya dedik gəlib baxdılar. Evdə atama və anama deyəndə onlar inanmadılar. Sonra gəlib özləri də baxdılar“, - deyə Rəşad bildirib. 
Şuşanın rəmzi olan Xarı bülbülün indi Qaxda bitməsini ilk nəvəsindən eşidən Elmira müəllimə əvvəlcə buna inanmayıb. Bu bitkiyə indiyədək burda təsadüf edilmədiyini deyən Elmira Qurbanzadə Xarı bülbülün Qaxa gəlməsini bölgənin Şuşanın təbiətinə bənzərliyilə əlaqələndirir:
Xarı bülbülün adını eşidən kənd sakinləri də bu bənzərsiz gülü görməyə gəlir. Ailə isə adı Qarabağla yanaşı çəkilən və təbiətin yalnız Azərbaycana bəxş etdiyi bu gülün onların kəndində yetişməsinə sevinməklə yanaşı, Xarı bülbülün də doğma torpağından didərgin düşməsinə təəssüf edir.
“Bu Xarı bülbül gülü bizdə bitib. İstəyərik ki, Xarı bülbül bizim arxamızca yox, biz onun arxasınca gedək. Və Şuşada öz vətinində bu Xarı bülbülü görək. O günü Allah qismət etsin”, - deyə kənd sakini Elmira Qurbanzadə bildirib
Sanki gülün üzərinə qonmuş bülbülü xatırladan Xarı bülbüllə bağlı əfsanələr yazılıb, musiqilər oxunub. Amma təəssüf ki, indi Qarabağ, Şuşa kimi, xarı bülbülün də adını bir nisgillə çəkirik. 
İndi Qaxa pənah gətirən Xarı bülbülün gözəlliyini Şuşanın çəmənliklərində seyr etməksə, hər birimizin arzusudu.

Mənbə: ANS PRESS

16 aprel 2015
GO BACK