Qadin.NET / Ali məktəblərdə imtahanların vaxtı dəyişdirildi

Ali məktəblərdə imtahanların vaxtı dəyişdirildi

 

 

2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası mayın 11-dən başlayacaq və mayın 31-də sona çatacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı əmrdə qeyd edilib.
Nazir ali təhsil müəssisələrində 2014-2015-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ali təhsil müəssisələrinin rəhbərlərinə bəzi tapşırıqlar da verıb.
Əmrə əsasən, rektorlar imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratmalıdırlar. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Əmrdə xatırladılıb ki, rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.
Əmrdə nazirliyin müvafıq məsul şəxslərinə imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırmağı və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlamağı da tapşırıb.

Mənbə: Milli.Az

15 aprel 2015
GO BACK