Qadin.NET / Məşhur uşaq atasını ölümdən qurtardı

Məşhur uşaq atasını ölümdən qurtardı

İnternetdə "Success Kid" ("Uğurlu uşaq") kimi tanınan amerikalı Semmi Qriner atasını əzablardan, ölümdən xilas edib. ABŞ-ın Florida ştatındakı Ceksonvill şəhərində yaşayan Qrinerlər ailəsi məhz Semin sosial şəbəkələrdəki fenomenal populyarlığının sayəsində müşkül təsir bağışlayan problemlərini həll edə biliblər. 
Milli.Az ABC-yə istinadən bildirir ki, Semmi Qrinerin 1 yaşı olanda anası onun fotosunu çəkmişdi. Həmin fotoda Sem sağ ovcunda tutduğu qumu yeməyə hazırlaşırdı. 

Semminin anası Leyni Qriner bu fotonu Facebook-dakı profilində yerləşdirəndən sonra şəkil bir günün içində fenomenal dərəcədə məşhurlaşdı.
Semminin fotodakı jesti populyar memə çevrildi, qələbə və qəfil uğur simvoluna döndü.
Həmin məşhur uşağın indi 8 yaşı var və o, atasını ölümdən qurtarıb.
Semminin atası Castin Qrinerdə 2006-cı ildə kəskin böyrək çatışmazlığı aşkarlanıb. 2009-cu ildə isə Castinin böyrəkləri sıradan çıxıb. 39 yaşlı Castin artıq 6 ildir ki, orqanizmini zəhərdən təmizləmək üçün süni böyrək aparatına, dializ əməliyyatına möhtacdır.
Həkimlərin dediklərinə görə, Castin Qriner böyrək transplantasiyası əməliyyatına məruz qalmasa, ölə bilər.
Leyni Qriner də əməliyyat üçün gərəkən məbləği əldə etmək üçün kampaniyaya başlamağa qərar vermişdi O, GoFundMe portalında elan yerləşdirərək əməliyyat üçün 75 min dollara ehtiyac duyduqlarını yazdı.
"Bu iş üçün oğlumun məşhurluğundan ilk əvvəl yararlanmaq istəmədim. Amma sonra anladım ki, Semminin populyarlığı Castin üçün donor, habelə əməliyyata pul tapmağa yardım edə bilər. Axı milyonlarla insan onları gülümsəməyə vadar edən uşağın atasının yardıma ehtiyac duyduğunu bilsə, pis olmazdı", - Leyni Qriner deyib.
Böyrək transplantasiyası əməliyyatının məbləğinin 80 faizi Castin Qrinerin tibbi sığortasının hesabına ödənəcək. Ailə GoFundMe vasitəsilə 75 min dollar toplamaq istəyirdi.
Mayo klinikasında aparılacaq əməliyyatdan sonrakı ilk ildə Castinə dərmanlar üçün 12 min dollar gərəkdir.
Qrinerlər ailəsi artıq 77 min dollardan çox pul toplaya bilib.
"Semmi hələ də populyardır. Məşhurluq onu utandırır. Amma oğlum əsl qəhrəmandır. Semmi atasına sağalmağa yardım etmək üçün hər şeyə hazır olduğunu deyib", - Leyni Qriner söyləyib.
Mənbə: Milli.Az

 

15 aprel 2015
GO BACK