Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül Azərbaycana gələcək.
ANS PRESS-in Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Forumda Abdulla Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub.
2014-cü ildən Mərkəzə üzv olan Abdulla Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. Onun fikrincə, bu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.
Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaqlar. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidentləri, dövlət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcəklər.
Xatırladaq ki, Forum Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu baş tutub.
Mənbə: ANS PRESS