ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilib.
ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayıb.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz sonradan çempion olan İran komandası ilə qarşılaşıb və 1:7 hesabı ilə uduzub. Belədə yığmamız qrupu 2-ci sırada tamamlayıb.
Daha sonra komandamız digər qrupun 2-cisi Rusiya yığması ilə III yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4:4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu III sırada tamamlayıb və bürünc medallara sahib olub.
Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə II, 2010, 2011 və 2015-ci illərdə isə III yerdə qərarlaşıb.
Onu da xatırladaq ki, yaxınlarda yunan-Roma güləşi üzrə yığmamız İranın paytaxtı Tehranda keçirilən Dünya Kubokunda bütün komandalardan güclü olmuşdu.
Mənbə: ANS PRESS