“Prezident İlham Əliyevin qəbul etdiyi “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir. Artıq DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə layihə çərçivə planı hazırlamışıq”.
ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev deyib.
O bildirib ki, hazırda Nazirliklər arasında bu məsələ müzakirə olunur. Bu dəyişikliklər nəticəsində Azərbaycanda sosial sığortalanmada ödənilən sosial sığorta vəsaitlərinin fərdi hesablara qeydiyyatı sxemi tamamilə dəyişəcək, yeni əsaslarla təyin olunacaq: “Qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqqları fərdi hesablarda 100%-lik qeydiyyata alınacaq. Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni İslahat Konsepsiyasına əsasən bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq biz şərtləri sərtləşdirəcəyik. Ola bilər ki staj tələbini artıraq. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olacağıq”.Fond sədri qeyd edib ki, Azərbaycanın sığorta pensiya qanunvericiliyi yenidən qurulacaq. E.Mehdiyev bildirib ki, İslahat Konsepsiyası nazirlər arası müzakirədən sonra hökümətə təqdim olunacaq, daha sonra isə daha yuxarı instansiyalara göndəriləcək.
Mənbə: ANS PRESS