Qadin.NET / Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş

Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş

 

 

Tarix yenidən təkrarlanır. Baş verənləri izlədikcə, sanki, yenidən orta əsrlərə qayıdırıq. Sultan Mehmet Fatehin, Qanuni Sultan Süleymanın hakimiyyətini öz mövcudluqları üçün təhdid hesab edənlər indi də əllərinə düşən hər imkanda Türkiyəni zəiflətmək, aciz vəziyyətə salmağa çalışırlar. Orta əsrlərdə olduğu kimi, bugünkü cəhdlərin də iflasla nəticələnəcəyi şübhəsizdir.
Erməni məsələsi son əsrdə Türkiyənin baş ağrısına çevrilməsə də, ürək bulantısına səbəb olub. Türk dövlətinə düşmən münasibətlərini heç vaxt gizlətməyən ermənilər əllərinə imkan düşdükcə Türkiyəyə arxadan zərbə vuraraq zəiflətməyə çalışırlar. Erməni təxəyyülünün məhsulu olan "soyqırım" iddiaları isə Türkiyəni gözdən salmağa, zəiflətməyə yönəlmiş "ən uğurlu" silahlarıdır. Bəzi dövlətlər də zaman-zaman Türkiyəni bu "silahla" təhdid edir, öz maraqlarını təmin etməyə çalışırlar.
Bu günlərdə Roma Papası Fransiskin I Dünya Müharibəsi dövründə Osmanlı Türkiyəsində baş verən hadisələrdən danışarkən "soyqırım" sözünü işlətməsi diplomatik aləmdə yeni gərginliyə səbəb olub. Türkiyə Vatikandakı səfirini geri çağırıb. Vatikanın Türkiyədəki elçisini isə ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq Papanın çıxışından məyus olduqlarını bildiriblər.
Roma Papasının da məsələ ilə bağlı bu cür münasibət ortaya qoymasına görə qardaş ölkədəki bəzi siyasətçilər birmənalı şəkildə Ərdoğan hakimiyyətini günahkar biliblər. İddia edirlər ki, Rəcəb Tayyib Ərdoğanın iqtidarda olduğu müddətdə düzgün diplomatiya sərginlənmədiyi üçün hətta artıq Roma Papası da onların üzərlərinə gəlir. Amma reallıq isə tamam fərqlidir. Qardaş ölkəyə qarşı olan bu hücumlar yalnış siyasətin deyil, məhz Türkiyəni inkişafa aparan doğru siyasətin nəticəsidir. Tarix boyu türkə düşmən kəsilən dövlətlər və millətlər üçün "yaxşı türk, ölü türkdür".
Ərdoğan hakimiyyətini yalnışlıqda suçlayan siyasətçilər unudurlar ki, müqəddəs taxt-tacın sahibinin Türk və İslam dünyasına qarşı belə münasibəti ilk dəfə bu il sərgilənməyib. Bir qədər tarixə nəzər salsaq, görərik ki, xaç yürüşləri, Osmanlıya qarşı savaşlar Roma Papalarının birbaşa göstərişi və ya xeyir-duası ilə baş verib.
Bu gün də gündən-günə inkişaf edən, dünyanın ən güclü 20 iqtisadiyyatından birinə sahib olan Türkiyə qərb dövlətlərinin narahatlıq mənbəyidir. Onlar qonşuluqlarında böyük tarixi keçmişə söykənən və bu gün də dünyanın ən qüdrətli ordularından birinə sahib olan Türk və müsəlman dövlətinin varlığını qəbul edə bilmirlər. Bu gün Qərbin Türkiyəyə qarşı hücumda Roma Papası kimi ağır artilleriyadan istifadə etməsi heç də səbəbsiz deyil. 
Xristian Konstantinopolunu fəth edərək müsəlman İstanbuluna çevirən türkləri hələ də qəbul edə bilmirlər. Hələ də hər imkanda türkü vurmağa, zəif düşürməyə çalışırlar. Min il öncə başlamış savaş hələ də bitməyib. Sadəcə, formasını dəyişib.

Mənbə: Milli.Az

13 aprel 2015
GO BACK