Qadin.NET / Panamada tarix yazıldı

Panamada tarix yazıldı

 

Panamada tarix yazıldı

Panamanın eyniadlı paytaxtında tarix yazıldı. Düz 50 ildən sonra Amerika Birləşmiş Ştatları ilə Kuba prezidenti arasında görüş baş tutdu. Görüşdə Barak Obama və Raul Kastro bir sıra məsələlərdən, o cümlədən hər iki ölkədə səfirliklərin açılmasının vacibliyindən danışdılar.
ANS TV-nin məlumatına görə, Panamanın eyniadlı paytaxında keçirilən görüşdə tərəflər qarşılıqlı əlaqələrə dair müzakirələr aparıblar. Obama mətbuat konfransında çıxışı zamanı bildirib ki, hər iki tərəf II Dünya Müharibəsi dövründən qalma düşmənçiliyi aradan qaldıra bilər:
“Bu, tarixi bir andır. Amerika Birləşmiş Ştatları və Kuba arasında olan münasibətlər olduqca qarışıqdır və uzun illər ərzində tərəflərin bir-birinə olan etibarsızlığı daha da mürəkkəbləşib. Lakin son bir neçə ayda mən və prezident Kastro siyasətimizdə dəyişiklik olduğunu elan etdik. Münasibətlərimizi inkişaf etdirmək üçün keçmişdə buna maneə olan əngəlləri aşmalıyıq”.
Obama həmçinin ilk öhdəliklərdən birinin diplomatlarının daha sıx əlaqə qura bilməsi üçün hər iki ölkədə səfirliklərin açılmasının vacibliyini vurğulayıb.
Kastro da öz növbəsində iki ölkə arasındakı münasibətləri dəyərləndirib. O, bildirib ki, ölkələr öz aralarında hansısa məsələ ilə əlaqədar mübahisə apara bilərlər, lakin bu zaman tərəflər bir-birilərinin fikirlərinə hörmətlə yanaşmalıdırlar.
Tərəflər arasında görüş “Amerikalar Sammiti” çərçivəsində baş tutub. Kastro Amerikanı Kubaya qarşı tədbiq etdiyi sanksiyalara son qoymağa çağırıb. “Bizim ölkə, ümumiyyətlə, terrorist ölkələr siyahısında olmamalı idi”.
Rəsmi Vaşinqton və Havanın diplomatik əlaqələri 1961-ci ildə baş vermiş Kuba inqilabından sonra kəsilib.

 

Mənbə: ANS PRESS

13 aprel 2015
GO BACK