Bu ilin iyun ayının 7-də qardaş Türkiyədə keçiriləcək parlament seçkisini Azərbaycanda da insanlarımız diqqətlə izləyirlər. Doğrudur, siyasi cəhətdən bizim bu ölkədəki seçki prosesinə hansısa müdaxilələr etməyimiz doğru olmasa da, ancaq bəzi maraqlarımızın dilə gətirilməsinin faydalı olduğunu düşünürük.
Xüsusilə də Türkiyə ictimai rəyində Azərbaycanla bağlı həssas mövzuların daha çevik gündəmdə tutulması, xalqımızın və dövlətimizin maraqlarının Türkiyədə daha dəqiq dilə gətirilməsi üçün Azərbaycanı tanıyan, mənəvi baxımdan bizə yaxın, soykökü etibarilə doğma olan insanların hansı partiyadan olursa olsun, parlamentdə təmsil olunması ümumi işimizin xeyrinə olardı.Burada xüsusilə Azərbaycanla yeganə sərhəd bölgəsi olan İğdırda keçirilən seçkilərin əhəmiyyəti böyükdür. Oradan ötən seçkidə MHP-dən Sinan Oğan seçilmişdi və parlament fəaliyyəti dövründə Azərbaycanla bağlı əksər məsələləri gündəmə gətirmiş, faydalı işlər görmüşdü. Buna görə Sinan bəyə təşəkkür bildirməliyik. Hazırda İğdırda MHP-dən birinci sırada verilən namizəd Azərbaycan və Türkiyə üçün hər cür fədakarlığa hazır, vətənsevər və Azərbaycanın problemlərini yaxşı bilən dostumuz İsa Yaşar Tezeldir. İğdırda əslində etnik bir seçim üzərində seçki kompaniyası aparıldığına görə hər birimiz daha real namizəd olan İsa Yaşar Tezel bəyin seçilməsi üçün mənəvi dəstəyimizi əsirgəməməliyik.Mən bu gün MHP-nin siyasət anlayışına birmənalı münasibət bəsləməsəm də, Azərbaycan maraqları baxımından Azərbaycan Kültür Dərnəyinin dəyərli təmsilçisinin seçilməsi perspektivinə müsbət hadisə kimi baxıram. Bununla belə, Azərbaycan media orqanlarında CHP-dən verilmiş digər azərbaycanlı namizəd Adil Aşırım haqqında aşağılayıcı fikirlərin səsləndirilməsini də doğru hesab etmirəm. Hər partiyanın öz maraqları var, hansısa namizəd irəli sürməlidir və son məqamda onun da uzlaşmaçı davranış ortaya qoyma ehtimalını yox saymıram. Ən azı bizlər kimi dəstəkləyiriksə, onun təbliğatına diqqət yönəltməliyik, başqalarını isə düşmən obrazında görüb Azərbaycandan incik salmamalıyıq.
Mənbə: Milli.Az