Aprelin 17-dən 24-dək C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə “Çanaqqala zəfəri” beynəlxalq layihəsi həyata keçiriləcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə reallaşacaq. Layihə çərçivəsində konfrans və görüşlərin təşkili də nəzərdə tutulur.
Layihəyə R.Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində İrəvan teatrının hazırladığı türk yazıçısı Dəmət Çizməlinin “Cümhuriyyətin ilk sədası” adlı tamaşa ilə yekun vurulacaq.
Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.
Mənbə: ANS PRESS