Bu gün aprel ayının 12-də, düz 54 il öncə Baykonur start məntəqəsində "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır və elə o gündən də dünya kosmonavtikasının əsası qoyulur.Kosmosa uçan ilk insan kimi Yuri Qaqarin 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
Yuri Qaqarin 1934-cü il mart ayının 9-da kəndli ailəsində anadan olub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. 1941-ci ildə məktəbə gedib, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüb. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. 9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olur. O, Moskvada Kreml divarında dəfn olunub.
Gizli materiallarla tanış olan o vaxtın tanınmış təyyarəçi kosmonavtlarından biri Aleksey Leonov bildiklərini mediyaya açmağa qərar verib. Sən demə milyonların sevimlisi, gənclərin qəhrəmanı olan Qaqarin 1968-ci ildə adi qəzanın qurbanı olub. Növbəti uçuş zamanı MİQ-15 təyyarəsində uçarkən kosmonavtın idarə etdiyi döyüş maşınına qəfildən daha müasir model olan digər bir qırıcı yaxınlaşır.
Təxminən 10-15 metr yaxınlıqdan keçən naməlum təyyarə Qaqarinin olduğu qırıcını kursdan sapdırır. İdarəetməni itirən təcrübəli kosmonavt isə yalnız bu sözləri "Mən, 725-ciyəm. tapşırıq yerinə yetirilmədi" deyə bilib.
Leonov bildirir ki, sadəcə məsələ o zaman SSRİ rəhbərliyinin göstərişi ilə məxfiləşdirilir və uzun zaman Qaqarin barədə müxtəlif şayiələrin yayılmasına səbəb olur. Bununla belə Leonov naməlum təyyarənin 4 min 200 metr hündürlükdə qəfildən MİQ-15-in qarşısına necə çıxdığını aydınlaşdıra bilmədiklərini deyir.
Mənbə: ANS PRESS