Qadin.NET / İlham Əliyev: "Qiymətlər sabitdir, sabit də qalmalıdır"

İlham Əliyev: "Qiymətlər sabitdir, sabit də qalmalıdır"

 

"Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona görə burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə qatırıq, suvarmanı təmin edirik.Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar müdaxilə ola bilməz".Milli.az bildirir ki, bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur.

 

Dövlət başçısı deyib: "Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik. Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik".
İlham Əliyev daha sonra bildirib ki, makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir və inflyasiya çox aşağı səviyyədədir.
"Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır", - Azərbaycan Prezidenti söyləyib.
Mənbə: Milli.Az
11 aprel 2015
GO BACK