Qadin.NET / Azərbaycanda xarici pasportların verilməsində yenilik

Azərbaycanda xarici pasportların verilməsində yenilik

 

Azərbaycanda ümumvətəndaş pasportları ilə bağlı islahatlar başlayandan, yəni 2013-cü il sentyabrın 1-dən aprelin 10-dək ölkədə 625 351 nəfər biometrik pasportlarla təmin edilib.Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər.
İdarənin xüsusi mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Məntiq Şərifov Trend-ə bildirib ki, 2015-ci ilin ilk rübü ərzində vətəndaşlara 69 301, yanvarın 1-dən aprelin 10-dək isə 70 777 ümumvətəndaş pasportu verilib. Ötən il isə bu rəqəm 439 876 ədəd təşkil edib: “Ümumvətəndaş pasportlarının verilməsi üçün vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsi və müvafiq dövlət rüsumunun ödənildiyi barədə sənəd tələb olunur. Hərbi mükəlləfiyyətlə bağlı 35 yaşadək kişilər isə hərbi bilet də təqdim etməlidirlər. Ümumvətəndaş pasportlarının verilməsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzi tərəfindən həyata keçirilir. Bundan başqa, bu pasportların verilməsi ilə bağlı ölkədəki mövcud 8 “ASAN xidmət” mərkəzində, eləcə də təşkil edilən səyyar xidmətlər vasitəsilə vətəndaşlardan müvafiq sənədlər qəbul edilir. Lakin bütün pasportlar yalnız İdarənin mərkəzi binasında hazırlanır”.
Baş inspektorun sözlərinə görə, bundan əlavə, artıq insanların rahatlığı üçün ümumvətəndaş pasportlarının verilməsində daimi qeydiyyat məhdudiyyəti də tam aradan qaldırılıb: “Yəni daimi qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlar İdarənin istənilən regional mərkəzinə müraciət edərək ümumvətəndaş pasportlarını əldə edə bilərlər. Məsələn, Bakı sakini cənub bölgəsindədir və İrana gedirsə, əgər onun pasportunun vaxtı bitibsə, bunun üçün yenidən paytaxta gəlməsinə ehtiyac yoxdur. Həmin şəxs İdarənin elə Lənkərandakı regional mərkəzinə müraciət edərək yeni ümumvətəndaş pasportu ala bilər”.
M.Şərifov qeyd edib ki, son zamanlar rüsumların ödənilməsindən tutmuş müraciət, növbəyə yazılma və s. məsələləri internet vasitəsilə onlayn rejimdə də həyata keçirmək mümkündür: “Ümumən vətəndaşların rahatlığı naminə onların sualları həm DİN-in özünün, həm də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında cavablandırılır. Vətəndaşların istər lazım olan sənədlərlə, istərsə də onları narahat edən məsələlərlə, o cümlədən ölkədən çıxma məhdudiyyəti ilə bağlı müraciətlərinə dolğun məlumat veriləcək”.

 

Mənbə: Milli.Az

10 aprel 2015
GO BACK