Ermənistan parlamentində "İraq Şam İslam Dövləti"nə qarşı (İŞİD) sərt bəyanat qəbul olunub. Sənəddə bildirilir ki, bu terror təşkilatı tərəfindən Suriyada və İraqda dini və etnik azlıqlara qarşı kütləvi cinayətlər Ermənistan hakimiyyətinin daim diqqət mərkəzindədir.
ANS PRESS-in məlumatına görə, parlamentinin mətbuat xidməti xəbər verib ki, sənəddə yezidilərə qarşı törədilən kütləvi cinayətlər haqqında narahatlıq ifadə olunur: "İŞİD-in İraqda və Suriyada yezidilərə qarşı cinayət və ekstremist zorakılığı narahatlıq doğurur. Humanitar yardıma ehtiyacı olan yezidlər bu ölkələrdə əhalinin əhəmiyyətli hissəsi sayılır."
Parlament rəhbərliyi və deputatlar BMT və digər beynəlxalq təşkilatları da günahlandırıblar: "Biz dəfələrlə bu təşkilatlara baş verənlərin yolverilməzliyi və humanitar yardım üçün ehtiyac haqqında müraciət etmişik. Biz yezidi insanların ağrısını paylaşaraq beynəlxalq qurumlardan bu zorakılığın dayandırılması üçün bütün imkanlardan istifadə etməyə çağırırıq."
Parlamentdə təmsil olunan siyasi təşkilatlar - hakim Respublika Partiyası, müxalifətdə olan Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan", Daşnaksütyun, "İrs" və başqa partiyadan olan deputatlar tərəfindən imzalanan sənəd ermənilərin növbəti bicliyidir. Çox güman ki, terrorçu qruplarla əlbir olan ermənilərin İŞİD-ə qarşı belə sərt davranışı dünya ictimaiyyətini çaşdırmaq, yezidlər adı altında beynəlxalq təşkilatlardan yardım almaq məqsədi daşıyır.
Mənbə: ANS PRESS