Qadin.NET / Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur

Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur

 

 

Son zamanlar bəzi ölkələrdə "facebook" və "twitter" sosial şəbəkələrinin fəaliyyəti ilə bağlı məhdudiyyətlər, qadağaların tətbiq edilməsi barədə KİV-də müxtəlif xəbərlər yayılır. Məsələn, Türkiyədə məhkəmənin qərarı ilə "Twitter", "Youtube" və "Facebook" sosial şəbəkələrinə giriş qismən məhdudlaşdırılıb ("TRT Haber"). Buna əsas səbəb bu yaxınlarda İstanbul Ədalət Sarayına hücum zamanı girov götürülmüş prokuror Səlim Kirazın fotolarının həmin akkauntlarda yerləşdirilməsi olub.
Rusiyada da "facebook"un bağlanılması gözlənilir. (xezerxeber.com). Belə ki, Rusiyanın Krım və Donbasda separatçılara genş dəstək verməsi, bu ərazilərin işğal edilməsi səbəbindən Mark Zukerberq aprelin 15-dən etibarən Rusiyada "facebook" sosial şəbəkəsinin fəaliyyətini dayandıracaq. Bu barədə "facebook"un yaradıcılarından olan Mark Zukerberq özü məlumat verib. Onun sözlərinə görə, aprelin 15-dən Rusiyada bu sosial şəbəkəyə giriş mümkün olmayacaq. Yeri gəlmişkən, Markın anası Ukrayna yəhudilərindəndir.
Bu xəbərlərdən sonra Azərbaycanda "facebook" istifadəçiləri arasında bu sosial şəbəkəyə bizdə də hansısa məhdudiyyətlər qoyula biləcəyi narahatlığı var. Amma "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda "facebook" sosial şəbəkəsinin bağlanması, bu şəbəkəyə girişin məhdudlaşdırılmasının gözlənilmədiyini deyir. Onun sözlərinə görə, ən kritik anlarda sosial şəbəkələr kifayət qədər normal işləyib. "Yəni ölkədə siyasi gərginliyin ən ciddi vaxtları, kulminasiya nöqtələrinə çatan məqamları olub. Azərbaycanda heç həmin dövrlərdə sosial şəbəkələrdə hər hansı bir qapanma, məhdudiyyət, senzura tətbiq olunmayıb. Elə bir dövrlərdə olmayıbsa, düşünmürəm ki, belə bir dövrdə Azərbaycanda sosial şəbəkələrin, sosial medianın məhdudlaşdırılması, qapadılması ola bilər. Mən buna inanmıram və bunu gözləmirəm".
O.Gündüz bildirib ki, bəzən qolobal resurlarda "twitter", "facbook", başqa bu kimi resurslarda ikili standartlara rast gəlinir: "Yəni hər bir dövlətin milli maraqları və özünün təhlükəsizlik məsələsi var. Bəzən dövlət əleyhinə olan cinayətlərin, terrorçuluğun və s. bəşəri cinayətlərin qarşısını almaq üçün hökumətə hansısa məlumatlar lazım olur və onlar bu qlobal resurslara sorğu göndərirlər. Amma bu məlumat həmin resurslara daxil olanda sosial şəbəkələr ikili standartla hərəkət edirlər. Məsələn, Almaniya, Amerika kimi ölkələr hansısa məlumatı istəyəndə sosial şəbəkə verə bilir, amma digər ölkələr istəyəndə verə bilmir. Bu da bəzi ölkələrdə qıcıq yaradır. Və təbii ki, bu, düzgün bir qıcıqdır. Yerində olan bir reaksiyadır. Burada ikili standart olmalı deyil. Hamıya eyni yanaşılmalıdır".
Müsahibimiz məhkəmənin əsaslandırılmış qərarı, real təhlükələr varsa, bu tip məlumatların verilməsində bir problem görmür. Dediyinə görə, bu səbəbdən də belə məlumatların verilməsindən imtina olanda hökumətlər bəzən bu resurslara qadağalar tətbiq etmə xətti götürürlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov da bildirib ki, Azərbaycanda "facebook" sosial şəbəkəsi normal işləyir və bağlanılması gözlənilmir: ""Facbook" sosial şəbəkəsi bağlansa belə, bunun ölkə üçün ziyanı yoxdur. Sadəcə insanlar sosial şəbəkələrdən həm reklam kimi istifadə edir, həm də istədikləri fikirləri ilə bir-birilə paylaşır. Bu şəbəkəni biznes şəbəkə kimi qiymətləndirmək olmaz".
Qeyd edək ki, "facebook" sosial şəbəkəsinin əsas 2004-cü il fevralın 4-də Kembricdə (ABŞ) Mark Zukerberq, Harvard Universitetinin tələbələri Eduard Saverin, Dastin Moskoviç, Kriss Xyus tərəfindən qoyulub. "Facebook"da 1 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur. Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır. Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir. Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.
İstifadəçilər "Paylaş" düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.
"Facebook"da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur. 1 ay müddətində ən azı 2 səhifəyə üzv olurlar. Ay ərzində üç tədbirə dəvət olunurlar. "Facebook" 70-dən çox dilə tərcümə olunub. Saytın təxminən 70% istifadəçisi ABŞ-da yaşamayan insanlardır.
Qeyd edək ki, ümumilikdə ötən il bu sosial şəbəkənin gəliri 12,5 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilə nisbətdə 58% çoxdur. 

Mənbə: Milli.Az

9 aprel 2015
GO BACK