Nepal hökuməti ötən il 16 şerpanın həyatına son qoyan faciədən sonra Everestə qalxmaq üçün toplanan alpinist rüsumunun ikiqat azaldıldığını elan edib. Bundan savayı, alpinistlərin Everestə qalxmaq üçün ötən il dayandırılan icazələrinin 2019-cu ilədək etibarlı olduğu da bildirilib.Trend-in Azərbaycan Alpinizm Federasiyasına istinadən verdiyi məlumata görə, bu barədə Nepalın Turizm Departamentinin rəhbəri Tulasi Qautama milli televiziyanın efirində söyləyib.
O, qeyd edib: “Biz həm qalxma lisenziyasının qiymətini 25 min dollardan 11 minə endirdik, həm də ötən ilin faciəsindən sonra lisenziyası dayandırılan 300-dən çox alpinistin permitlərini bərpa edəcəyik”.Bundan başqa, qar uçqunundan sonra qalxma hüquqlarından istifadə edə bilməyən idmançılar bunu 2019-cu ilədək pulsuz edə biləcəklər.
T.Qautamanın sözlərinə görə, alpinistlər istədikləri qrupa qoşula və yaxud əlavə ödəniş edib zirvəyə təkbaşına qalxa bilərlər.Xatırladaq ki, ötən il marşrutun ən təhlükəli sahəsi sayılan Khumbu buzlağında baş vermiş qar uçqunu nəticəsində bələdçi və yükçü kimi fəaliyyət göstərən şerpa millətinin 16 nümayədəsi həlak olmuşdu. Ən qısa və asan sayılan bu marşrut 1990-cı illərdən istifadə edilirdi. Ötən ilin faciəsindən sonra şerpalar tətil elan edərək marşrutun dəyişdirilməsi tələbi ilə çıxış etdilər. Tətil nəticəsində Everestə planlaşdırılan bütün ekspedisiyalar ləğv edildi.
Mənbə: Milli.Az