Qadin.NET / Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?

Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?

 

 

Martın 5-dən etibarən ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul üçün valideynlərin elektron ərizələrinin qeydiyyatı başlayıb. Qeydiyyat zamanı valideynlərin üzləşdikləri və onları narahat edən bir sıra məqamlar ortaya çıxıb. Bunlardan biri də 6 yaşı sentyabr, ya da dekabrda tamamlanacaq uşaqların qəbulunun hansı şərtlərlə aparılacağı ilə bağlıdır.
Məlumata görə, öncə 6 yaşı tamam olan uşaqlar məktəblərdə yerləşdiriləcəklər. Bundan sonra əgər yer qalarsa, 6 yaşı bitməmiş uşaqların da qəbulu aparılacaq. Bu da bir çox valideynlərin narahatlığına səbəb olub. Bunları nəzərə alaraq Bakı Şəhər Təhsil İdarəsinə bir neçə sualla müraciət etdik:
- 6 yaşı dekabrda bitəcək olan uşaqlar hansı prosedurdan keçməlidirlər?
- Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.
- Məktəbəqədər hazırlıq kurslarını məktəbdə alan uşaqlara daha çox üstünlük veriləcəyi bildirilir. Bu nə dərəcədə doğrudur?
- Valideyn uşağını məktəbə hazırlıq qrupunda oxuduğu məktəbə qeydiyyatdan keçə bilər. Seçim üçün ərazi məhdudiyyəti qoyulmur.
- Məktəb seçimləri içərisində 3 məktəbin adının yazılmasına icazə verilir. Bu şərt nəyə uyğun qoyulub? Uşaq evindən uzaq bir məktəbə düşsə, yenidən seçim etmək mümkün olacaqmı?
- Yalnız 1 məktəbə sorğu yerləşdirmək mümkündür. Valideyn, sadəcə, ona çətinlik yaradan və evindən uzaqda yerləşən məktəbi seçməyə bilər. Valideynin əvəzinə məktəb nə proqram, nə də idarə tərəfindən seçilmir. Bu seçimi valideyn edir və özü prioritetlərini müəyyənləşdirməlidir. 
Xatırladaq ki, qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılır. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.
Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb. 

Mənbə: Milli.Az

7 aprel 2015
GO BACK