Bu gün qubalıların səbrsizliklə gözlədiyi səməni atdı mərasimi baş tutub. Yeni arzu tutanlar bayramda göyərdətdikləri səmənini axar suya ataraq qədimi adət-ənənəni reallaşdırdılar.
Qubada yalnız bu rayona məxsus ənənəvi səməni atdı mərasimi uzun illərdi qorunub saxlanılır. Bu ənənə Novruz bayramından 14 gün sonra - hər il aprel ayının 2-də Qudyalçayda həyata keçirilir. Cay üstünə gəlib, Novruzda arzu tutaraq becərdikləri səmənini suya atan qız-gəlinlər, eləcə də kişilər ürəklərində bir daha niyyət edirlər. Bu günə xüsusi önəm verən Abdulovlar ailəsi kimi.
“Mən artıq 3-cü dəfədir bura gələrək becərdiyim səmənini suya atıram. Bu isə mənim övladlarımla bağlıdı. Arzu eləmişdim ki, övladlarımız ali məktəbə qəbul olsun və bu arzumuz çin oldu. Bu ildə bir övladımız 11-ci sinifdə oxuyur, niyyət edirik ki, o da ali məktəbə qəbul olsun”, – deyə Quba sakini İlyas Abdulov bildirdi.
Keçən il niyyət edərək çaya səməni atan və arzusuna çatan Quba sakini ailəsilə birgə yenidən bu adəti icra etdilər.
“Keçən ill niyyət etmişdim ki, nəvəm olsun səməni atım. Əhdimə çatdım, həm səməni atdım, həm də şirni payladım”, – deyə Quba sakini Narıngül Paşayeva qeyd edib.
Çaya səməni atanlar arasında müharibə şəraitində olan vətənimizin bütövlüyünü arzulayanlara da rast gəldik.
“Bu səmənini atıram ki, müharıbə tezliklə başa çatsın. Əsgərlərimiz sağ-salamat evlərinə dönsünlər. Azərbaycan dövləti erməniyə qalib gəlsin. O gün olsun səməninin Qarabağ torpağında axan çaya atım”, – deyə Quba sakini Təbriz Babaşova fikrinin açıqlayıb.
Səməni atma mərasimi yalnız qubalılara məxsusdur.
Qubada Novruz qabağı ilk su çərşənbəsilə başlayan Novruz əhval-ruhiyyəsi bayramdan iki həftə sonra səməninin axar suya atılması ilə sona yetir. Öz niyyətlərini suya söyləyənlərə biz də arzularının çin olmasını diləyirik.
Mənbə: ANS PRESS