Qadin.NET / Yay vaxtına keçid insanlara necə təsir edir?

Yay vaxtına keçid insanlara necə təsir edir?

 

 

Saat əqrəblərinin irəli və ya geri çəkilməsi dünyanın əksər ölkələrində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlarla bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. TTV (Region TV) xəbər verir ki, iqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır. Psixoloqlar deyirlər ki, bu adaptasiya prosesi müəyyən çətinliklərlə müşayiət oluna bilər.
Psixoloq Ramiq Əliyev: "Bundan sonra yeni mühitə uyğunlaşmağa məcburuq. Bu isə demək olar ki, əksər insanlarda müəyyən fəsadlar törədir. Baş ağrılarına gətirib çıxarır və ya uyğunlaşmağa çətinlik çəkirik. Bir həftə çətinliyimiz var. Amma bu bir həftənin özü insan orqanizmində müəyyən dəyişikliklər edə bilər, müəyyən psixoloji çətinliklər yarada bilər".
Həkimlər də bu ərəfədə orqanizmdə müəyyən narahatlıqların olduğunu təsdiqləyirlər. Bunula yanaşı, onlar belə vəziyyətin çox davam etmədiyini də deyirlər.
Həkim Rizvan Məmmədov: "Tədricən orqanizm təzə mühitə öyrəşir. 5-6 gün, bəzənsə 1 həftə görürsən ki, adaptasiya ola bilmir. Təzyiq qalxır, düşür, narahat olur, iştahda narahatlıq olur və s. Yəni, bunun hamısı o vaxtın kəskin dəyişməsinin nəticəsidir. Ancaq bu öldürücü deyil, bu dəhşət deyil".
Yay vaxtına keçmənin başlıca əhəmiyyəti iş başladığı andan bitənə qədər, praktiki olaraq, həmin zaman müddətində enerjiyə qənaət olunması ilə bağlıdır. Beynəlxalq standartlara əsasən, hesablamalara görə saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir.

 

Mənbə: Milli.Az

1 aprel 2015
GO BACK